Sosial media asılılığı beyni necə dəyişir? – Neyropsixoloqdan XƏBƏRDARLIQ

Son illər sosial mediadan istifadə sürətlə artdığı üçün onun psixoloji təsirləri də mütəxəssislərin diqqətindədir. Xüsusilə gənclər arasında gündəlik həyatın ayrılmaz hissəsinə çevrilən sosial platformalara həddindən artıq bağlılıq emosional rifahı, özünüdərk hissini və sosial davranışları ciddi şəkildə təsirləndirə bilər. Bu şəraitdə əsas sual yaranır: sosial mediaya həddindən artıq bağlılıq hansı psixoloji nəticələrə səbəb olur və bu təsirlər uzunmüddətli perspektivdə insan davranışını necə formalaşdıra bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan neyropsixoloq Aytəkin Aslan bildirib ki, sosial media ünsiyyət, məlumat əldə etmə və yaradıcılıq üçün böyük imkanlar yaratsa da, həddindən artıq və nəzarətsiz istifadə psixoloji rifaha, sosial münasibətlərə və hətta beynin işləmə mexanizmlərinə ciddi şəkildə təsir göstərə bilər:
“Bu təsirləri anlamaq həm özümüzü, həm də ətrafımızdakı insanları daha sağlam şəkildə yönləndirməyə imkan verir. Sosial medianın intensiv istifadəsi anksiyete, xroniki stres, emosional tükənmişlik, depressiv əlamətlər və özünə dəyər itkisi ilə əlaqələndirilir. Filtrlənmiş görüntülər və “mükəmməl həyat” təqdimatı insanlarda sosial müqayisəni artırır, nəticədə qısqanclıq, narazılıq və özünə güvənsizlik yaranır. Uzun müddətli istifadə yuxu keyfiyyətinin pisləşməsinə, diqqət azalmasına, təhsil və iş performansının zəifləməsinə, fiziki problemlərə və asılılıq davranışına gətirib çıxara bilər. Yanlış məlumatlara məruz qalma, siyasi qütbləşmə, siber zorbalıq və onlayn təqib də sosial medianın sosial təhlükələri arasında yer alır”.
Neyropsixoloq qeyd edib ki, bu təsirlərin neyropsixoloji əsaslarına bunlar daxildir:
“Sosial media platformaları beynin mükafat sistemi üzərində işləyir. Bəyənmə və bildirişlər dopamin partlamaları yaradır və beyin bu ani mükafatlara öyrəşdikcə daha çox stimul tələb edir. Bu proses asılılıq davranışını gücləndirir və real həyatda motivasiyanı azaldır. Digər tərəfdən, beynin diqqət, planlaşdırma və impuls nəzarətinə cavabdeh olan prefrontal korteks sosial mediadan gələn intensiv vizual-emosional stimul səbəbilə yüklənir və səmərəsi zəifləyir. Nəticədə diqqət dağınıqlığı və konsentrasiya çətinliyi yaranır”.
Müsahibimiz vurğulayıb ki, sosial media həmçinin amigdalanın, beynin emosional reaksiya mərkəzinin aktivliyini artırır:
“Konflikt dolu paylaşımlar, dram, təndiqlər və məlumat bolluğu stress və narahatlığı yüksəldir. Güzgü neyronları sosial müqayisəni gücləndirdiyi üçün başqalarının “ideal” həyatını izləmək özündən narazılıq və perfeksionizm yarada bilər. Telefon işığının melatonini bloklaması isə yuxu ritmini pozur, hafizəni, emosional sabitliyi və gündüz fəaliyyətini zəiflədir”.

A.Aslan bildirib ki, bu təsirlər hər kəsdə eyni dərəcədə güclü olmur:
“Xüsusilə yeniyetmələr, özünə hörməti aşağı olanlar, sosial təcrid yaşayan şəxslər və emosional tənzimləmə bacarıqları zəif olanlar sosial medianın mənfi təsirlərinə daha həssasdır. Çünki onların beynində impuls nəzarəti və özünüqiymətləndirmə sistemi hələ tam formalaşmayıb və ya stabilləşməyib”.
Neyropsixoloq deyib ki, bütün bunlara baxmayaraq, sosial media tamamilə zərərli deyil:
“Problem ondan necə, nə qədər və nə məqsədlə istifadə etdiyimizlə bağlıdır. Riskləri tanımaq, sağlam sərhədlər yaratmaq və balanslı istifadə vərdişləri formalaşdırmaq sosial medianın mənfi təsirlərinin qarşısını almaq üçün ən əsas addımdır”.
Müsahibimiz vurlayıb ki, sosial media sizə təsir etməyə başlayarsa mütəxəssisə müraciət edin:
“Əgər sosial media istifadəniz artıq gündəlik həyatınıza, emosional vəziyyətinizə və münasibətlərinizə təsir etməyə başlayıbsa, bu vəziyyəti təkbaşına idarə etmək çətin ola bilər. Mütəxəssisə müraciət etmək həm beyin səviyyəsində yaranmış narahatlıqlarınızı tənzimləmək, həm də psixoloji davranış modellərini dəyişdirmək üçün ən təhlükəsiz və effektiv addımdır”.
Niyaz Hacıyev
Sfera.az
