18 sentyabr Azərbaycanda Milli Musiqi Günüdür

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.
Sfera.az xəbər verir ki, 18 sentyabr Milli Musiqi Günü kimi hər il dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir. Milli Musiqi Gününün əsası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Bu əlamətdar tarix Azərbaycan musiqi mədəniyyətinin zəngin irsinin, milli bəstəkarlıq məktəbinin və ölkənin görkəmli sənətkarlarının yaradıcılığının təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə anadan olub.
O, Azərbaycan professional musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisi hesab olunur. Bəstəkar Şərqdə ilk opera olan “Leyli və Məcnun”un müəllifidir. Onun yaradıcılığı Azərbaycan musiqisinin yeni janr və formalarla zənginləşməsində mühüm rol oynayıb. 18 sentyabr eyni zamanda görkəmli bəstəkar Müslüm Maqomayevin də doğum günüdür. Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm xidmətləri olan sənətkarın əsərləri bu gün də müxtəlif səhnələrdə nümayiş etdirilir. Milli Musiqi Günü münasibətilə Azərbaycanda ənənəvi olaraq konsertlər, musiqi tədbirləri, sərgilər və digər mədəni proqramlar təşkil olunur. Son illərdə bu tarix Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən müxtəlif tədbirlərlə də qeyd edilir. Qeyd edək ki, 2025-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi tamam olub.
Firuzə Əliyeva






