Xəzər Rusiyaya görə quruyub? - AÇIQLAMA

Xəzər Rusiyaya görə quruyub? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İqlim dəyişiklikləri, quraqlıq və çay hövzələrindəki suyun azalması Xəzər dənizində səviyyə enməsini daha da sürətləndirib. İranın artıq ciddi su qıtlığı ilə üzləşdiyi bir zamanda bunun Xəzərin səviyyəsinə təsir edib-etməyəcəyi suallar doğurur.

 

İranda su qıtlığının son aylarda kəskinləşməsi təkcə bu ölkənin deyil, bütün region dövlətlərinin diqqət mərkəzinə çevrilib. Quraqlığın güclənməsi, çay hövzələrində suyun azalması və Xəzər dənizinin sürətlə çəkilməsi fonunda Rusiyanın Xəzər suyunu duzsuzlaşdırma layihələri gündəmə gəlib.

 

Bu şəraitdə “Xəzərin qurumasına Rusiya nə qədər təsir edir?” və “Azərbaycan bu istiqamətdə addımlar atırmı?” suallar aktualaşır.

 

Mövzu ilə bağlı Coğrafiya İnstitutunun şöbə müdiri Səid Səfərov Sfera.az-a açıqlama verib. Onun sözlərinə görə, İranın su qıtlığı həm ölkə daxilində, həm də xarici amillərlə əlaqəlidir:

 

 

“İranda su qıtlığı bir neçə amillə bağlıdır. İrana daxil olan çayların böyük hissəsi digər ölkələrdən gəlir və həmin ölkələrdə su anbarları tikildiyi üçün sudan həm İranda, həm də xaricdə həddindən artıq istifadə olunur. 3-4 ay ərzində bir damcı yağış düşmədiyi üçün su ehtiyatları azalıb, barajlar boşalıb. Əhali də sürətlə artır və nəticədə su təminatında çətinliklər yaranır. Məncə bu qısa müddətli prosesdir. Amma ümumiyyətlə, bütün planetdə yağıntıların azalması, əhalinin çoxalması və kənd təsərrüfatında suya tələbatın yüksəlməsi qlobal istiləşmə ilə bağlı olan ümumi tendensiyadır. Yalnız İranda deyil, dünyanın hər yerində bu proseslər müşahidə olunacaq”.

 

Rusiya tərəfindən Xəzərin suyunun duzsuzlaşdırılması məsələsinə toxunan S.Səfərov bildirib ki, bu addım Xəzərin səviyyəsinə ciddi təsir etmir:

 

“Xəzərin səviyyəsinə təsir edən əsas amil Volqa çayıdır. İstiləşməyə görə buxarlanma artır, Volqa üzərində tikilmiş su anbarlarının ümumi sahəsi təxminən 36 min kvadrat kilometrdir və bu anbarlarda suyun buxarlanması kəskinləşib. Temperatur artdıqca Volqadakı su azalır. Volqa hövzəsində sənaye və kənd təsərrüfatı obyektlərinin təxminən 50 faizi yerləşir və burada suya tələbat ilbəil artır. Rusiya Volqanın qarşısını bilərəkdən kəsmir ki, Xəzər qurusun bu, həm texniki olaraq mümkün deyil, həm də ildə 250 kub kilometr suyun qarşısını almaq real deyil”.

 

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və digər ölkələr bu istiqamətdə müəyyən planlar qurmalıdırlar:

 

“Əhali artdıqca və qlobal istiləşmə gücləndikcə Volqanın Xəzərə gətirdiyi su azalır. Ona görə də Xəzər səviyyəsi enir. Bu səbəbdən Xəzəryanı beş ölkə bir araya gələrək su istifadəsinə dair kvotalar müəyyən etməlidir. Hansı ölkə sudan nə qədər istifadə edəcək və nə qədərini Xəzərə qaytara biləcək, bu, birgə tənzimlənməlidir”.

 

Ekoloq Qorxmaz İbrahimli isə bildirib ki, Xəzər dənizinin qurumasında əsas problem iqlim dəyişiklikləridir:

 

 

“Bizim coğrafi zonada iqlim dəyişikliklərinin təsiri və digər amillər səbəbilə bu il quraqlıq xüsusilə güclü keçdi. Ümid edirik ki, yağıntılı günlərin artması ilə su ehtiyatları müəyyən qədər bərpa olar və torpaqlar quraqlıqdan çıxar. Xəzər dənizinin suyunun çəkilməsi də məhz iqlim dəyişiklikləri fonunda baş verən güclü buxarlanma, eləcə də Volqa, Ural, Kür, Samur, Terek kimi daşıyıcı çayların suvarmaya daha çox yönəldilməsi ilə bağlıdır. Yağıntı az, buxarlanma isə çox olduğundan Xəzərə çatacaq su miqdarı zəifləyir. Bu da dəniz səviyyəsinin enməsinin əsas səbəblərindən biridir”.

 

Q.İbrahimli Rusiyanın Xəzərin qurumasında maraqlı ola bilməyəcəyini vurğulayıb:

 

“Xəzər suyunun Rusiya üçün əhəmiyyətinə gəlincə, o, Xəzəryanı ölkələr arasında demək olar ki, yeganə dövlətdir ki, geniş miqyaslı su qıtlığı yaşamır. Rusiyanın Xəzərsahili regionlarında belə ciddi su problemi yoxdur. Xəzər suyunun duzsuzlaşdırılaraq içməli su kimi istifadəsi çox bahalı layihədir və Rusiyanın buna real ehtiyacı yoxdur. Bundan başqa, Rusiyanın Xəzərdə həm sualtı, həm də suüstü hərbi donanması, strateji obyektləri mövcuddur. Bu baxımdan Xəzərin quruması Rusiyanın hərbi-strateji maraqlarına uyğun deyil. Ona görə də Xəzər suyundan istifadə etmək və ya dənizin qurudulmasında Rusiyanın maraqlı olması ağlabatan görünmür. Hesab edirəm ki, Xəzəryanı ölkələr bu məsələni birgə müzakirə edib həll yollarını koordinasiyalı şəkildə tapmalıdırlar”.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ