Uşaqlara erkən yaşda telefon vermək bu problemləri yaradır - XƏBƏRDARLIQ

Uşaqlara erkən yaşda telefon vermək bu problemləri yaradır - XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

 

Uşaqların erkən yaşda telefon və digər mobil cihazlardan istifadə etməsi son illərdə valideynlər və mütəxəssislər arasında geniş müzakirə mövzusu olub. Bu vərdiş uşaqların psixoloji və emosional inkişafına müxtəlif təsirlər göstərə bilər.

 

Həm müsbət, həm də mənfi tərəfləri olan texnologiya istifadəsi, xüsusilə diqqət, sosial bacarıqlar və emosional tənzimləmə qabiliyyətlərinə təsir edə bilər. Uşaqların ekran qarşısında keçirdiyi vaxt və istifadə etdikləri məzmun növü onların davranış və ünsiyyət bacarıqlarının formalaşmasında mühüm rol oynayır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən neyropsixoloq Aytəkin Aslan bildirib ki, müasir dövrdə telefon və tablet kimi rəqəmsal cihazlar uşaqların gündəlik həyatına gözlənildiyindən daha tez daxil olur.

 

 

Onun sözlərinə görə, bəzi valideynlər üçün bu cihazlar sakitləşdirici vasitəyə, bəziləri üçün isə uşaqla məşğul olmağın “asan yolu”na çevrilib:

 

“Lakin neyropsixoloji araşdırmalar göstərir ki, erkən yaşda, xüsusilə də beyin inkişafının ən sürətli olduğu 0-6 yaş dövründə ekranla təmas uşağın psixoloji və neyrokoqnitiv inkişafında ciddi risklər yaradır. Erkən uşaqlıq dövrü beyində sinaptik əlaqələrin ən intensiv qurulduğu mərhələdir və bu dövrdə uşaq təcrübə ilə, oyunla, sensor-motor fəaliyyətlə və üzbəüz ünsiyyətlə öyrənir. Telefon ekranı isə bu təcrübələrin yerini ala bilməyən passiv stimuldur”.

 

Neyropsixoloq qeyd edib ki, passiv ekran təması uşağın inkişafını ləngidə bilər və aşağıdakı təsirləri ola bilər:

 

“Dil anlama və nitqin formalaşması, emosiyaları tanıma və ifadə etmə bacarıqları, empati və sosial siqnalları oxuma, icraedici funksiyalar (diqqət, yaddaş, özünü tənzimləmə) və s.”.

 

Müsahibimiz vurğulayıb ki, bu səbəbdən ekran uşağın beyninin inkişafının həssas mərhələlərində təbii öyrənmə mexanizmlərini zəiflədə bilər:

 

“Telefon və tablet məzmunlarının çoxu tez dəyişən, parlaq və stimulyasiyaedici vizuallardan ibarətdir. Uşaq beyni bu cür görüntülərə alışdıqda, real həyatda daha yavaş və stabil informasiyalara fokus olmaqda çətinlik çəkir. Ekrana məruz qalmaq diqqət əskikliyi simptomlarını artırır, hiperaktiv davranışlara meylləndirir və icraedici funksiyalarda zəifliyə səbəb olur. Bu təsir neyrobioloji olaraq prefrontal korteksin tənzimləyici gücünün zəifləməsi ilə izah olunur”.

 

 

A.Aslan mavi işığın melatonin hormonuna basğı edərək uşağın yuxuya keçməsini çətinləşdirdiyini sözlərinə əlavə edib. O buun yuxunun keyfiyyətini azaltdığını və beynin inkişafı üçün vacib olan “dərin yuxu” fazalarını poza bildiyini diqqətə çatdırıb. Yuxu pozuntuları isə davranış, emosional stabillik və öyrənmə üzərində domino təsiri yaradır:

 

“Çox valideyn uşaq ağlayanda telefonu sakitləşdirici vasitə kimi verir. Amma psixoloji və neyrobioloji baxımdan bu, təhlükəli vərdişdir. Uşaq emosiyasını idarə etməyi öyrənmir, zorlayıcı duyğularla başa çıxma bacarığı formalaşmır və beyin xoşagəlməz hissləri kənar stimulla boğma mexanizmini öyrənir. Bu isə gələcəkdə stres, təlaş və impuls nəzarətinin zəifliyi kimi nəticələrə gətirib çıxara bilər. Bunun davamı olaraq uşaq emosional çətinlik yaşadıqda telefonu “qaçış vasitəsi” kimi istifadə etməyə başlayır ki, bu da psixoloji asılılığın başlanğıcı deməkdir”.

 

Neyropsixoloqun fikrincə, empatiyanın inkişafı üçün ekran yetərsizdir:

 

“Sosial bacarıqlar uşaqla uşaq, uşaqla böyüklər arasındakı canlı qarşılıqlı əlaqələrdə formalaşır. Üz ifadələri, səs tonları, göz kontaktı, ritm və qarşılıqlı cavablar sosial neyron şəbəkələrini qurur. Ekran isə ünsiyyətin bu elementlərini əvəz etmir, empatiya formalaşdırmır və sosial siqnalları oxumağı öyrətmir. Bu səbəbdən erkən yaşda çox ekran istifadə edən uşaqlarda sosial adaptasiya bacarıqları geriləyə bilər”.

 

Müsahibimiz bununla bağlı bir sıra tövsiyələr də verib:

 

1. 1-2 yaşında ekran tamamilə qadağandır (videozəng istisna olmaqla)

2. 2-5 yaş: Gündə maksimum 1 saat, valideyn yanında olmaq şərti ilə telefondan istifadə mümkündür.

3. Yatmazdan əvvəl ən az 1 saat ekrana baxmamaq lazımdır

 

 

Aytəkin Aslan telefonların elektromaqnit dalğalarının uşaqlarda daha güclü təsir göstərə bildiyini və uzun istifadə zamanı eşitmə riskləri yarada biləcəyini deyib:

 

Müsahibimiz valideynlərin bu məsələdəki roluna da toxunub:

 

“Uşaq sizə baxıb öyrənir. Uşağa ekran limiti qoymaq istəyən valideyn əvvəlcə öz telefon davranışlarını tənzimləməlidir. Sərhədsiz ekran istifadə edən valideynin uşağa limit qoyması mümkün deyil. Uşaq üçün məşuliyyətlər var: açıq hava oyunları, kitab oxuma və hekayə danışmaq, sensor oyunlar, məsələn, kinestetik materiallar, lego və kinetik qumla oyunlar, yaradıcılıq fəaliyyətləri, o cümlədən rəsm, musiqi, konstruktor qurma və digər yaradıcı məşğələlər, ailə ilə birgə oyunlar, həmçinin gündəlik “ekransız saatlar” təqvimi yaratmaq və s. Uşağın ekranla təması mütləqdirsə, bunu birlikdə izləmək və sonradan məzmun haqqında danışmaq uşağın media savadlılığını artırır və təsirləri yumşaldır”.

 

Müsahibimiz son olaraq bildirib ki, erkən yaşda telefon istifadəsi zahirən zərərsiz görünsə də, neyrobioloji, psixoloji və sosial inkişaf baxımından ciddi risklər yarada bilər:

 

“Beynin ən həssas inkişaf dövrlərində ekranın yaratdığı passiv stimullaşdırma uşağın təbii öyrənmə yollarını zəiflədir. Buna görə də erkən yaşda ekran məhdudiyyəti, valideynlərin rol modeli olması və insan-insan ünsiyyətinin prioritetləşdirilməsi sağlam psixoloji və neyrokoqnitiv inkişaf üçün vacibdir”.

 

Niyaz Hacıyev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR