Maliyyə Nazirliyinin optimallaşdırma siyasəti - Regionlarda işsizliyi artırır

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Maliyyə Nazirliyinin təşəbbüsü ilə müəyyən lazımsız ştatların ləğv olunmasının problemlər yaratdığını qeyd edib. Onun sözlərinə görə, 70 məktəbi olan bir rayonun təhsil sektorunda 3-4 nəfərlik ştat saxlanılıb. Sektor müdirinin maşını yoxdur, sürücüsü yoxdur. Hətta oradakı gözətçi və xadimə ştatları da ləğv olunub.
Millət vəkilinin sözlərinə görə, bu cür ixtisarlar regionlarda iş yerlərinin sayının azalmasına da səbəb olur.
Bu ştatların ləğv edilməsi nə dərəcədə doğrudur? Məsələnin başqa cür həll variantı yoxdurmu?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, Maliyyə Nazirliyinin “lazımsız ştatların ləğvi” adı ilə həyata keçirdiyi ixtisarlar struktur islahatının məqsədlərinə uyğun görünsə də, icra mexanizminin regionların real təhsil yükünə, sosial situasiyasına və inzibati ehtiyaclarına uyğunlaşdırılmaması təhsil sistemində həm idarəetmə problemləri, həm də sosial gərginlik yaradıb.
Mütəxəssis milət vəkilinin dediklərinə haqq verib:
“Tahir Rzayevin qeyd etdiyi kimi, 70-dən çox məktəbi olan bir rayonda cəmi 3–4 nəfərlik təhsil sektorunun saxlanılması idarəetmə yükü ilə ştat sayı arasında açıq uyğunsuzluğu üzə çıxarır. Təhsil Haqqında Qanunun 15-ci maddəsində dövlətin təhsil müəssisələrinin idarə olunmasında “səmərəlilik, fasiləsizlik və təhlükəsizlik” prinsiplərini təmin etməsi tələb olunsa da, nəqliyyat, sürücü, gözətçi və təsərrüfat ştatlarının ləğvi bu prinsiplərin faktiki zəifləməsi ilə nəticələnir. Bu, təkcə inzibati strukturun dağılması deyil, həm də təhsilin minimum təhlükəsizlik və sanitariya standartlarının riskə atılması deməkdir”.
K.Əsədov statistikaya diqqət çəkib:
“Statistika göstərir ki, regionlarda məşğulluğun təxminən 52–56%-i dövlət sektorunun – məktəblər, bələdiyyələr, xəstəxanalar və digər büdcə təşkilatlarının payına düşür. Xadimə, gözətçi, təsərrüfat işçisi və sürücü kimi ştatlar isə regionlarda sosial sabitliyin ən həssas təbəqəsi üçün əsas dolanışıq mənbəyidir. Bu ştatların birdən-birə ləğvi bir rayon üzrə 200–400 nəfərin işsiz qalması deməkdir. Dövlət Statistika Komitəsinin 2023-cü il işsizlik hesabatına əsasən, regionlarda hər 100 işsizdən 37-si əvvəlki büdcə sektorunun ixtisarları səbəbindən işini itirənlərdir. Bu rəqəmə yeni ixtisarlar əlavə olunduqda sosial yük daha da artacaq. Bu prosesin növbəti mərhələsi isə Bakıya və Abşerona miqrasiyanın güclənməsi olur. Son 10 ildə regionlardan Bakıya miqrasiya 28% artıb və bu dinamikanın əsas səbəblərindən biri regionlarda sabit büdcə iş yerlərinin azalmasıdır”.
Təhsil eksperti apardığı təhlillər əsasında bildirib ki, təhsil sahəsinə təsir daha kəskin hiss olunur:
“Gözətçi ştatlarının olmaması məktəblərin təhlükəsizliyini zəiflədir. 2023-cü il monitorinqində məktəblərin 18%-ində təhlükəsizlik xidmətinin kifayət qədər olmadığı qeyd olunmuşdu. Xadimə ştatlarının ləğvi sanitariya və gigiyena standartlarının pozulmasına gətirib çıxarır. Artıq bir çox rayon məktəbində təmizlik işləri məhdud personal tərəfindən aparılır ki, bu da sanitar riskləri artırır. Sürücü və nəqliyyat olmadan rayon təhsil sektorunun 70 məktəbi yerində monitorinq etməsi qeyri-mümkün hala gəlir və Təhsil Haqqında Qanunun 14-cü maddəsində qeyd olunan “təhsil müəssisələrinin fəaliyyətinə nəzarət” funksiyası faktiki olaraq icra edilə bilmir. Belə vəziyyət idarəetmənin səmərəliliyini ciddi şəkildə zəiflədir və məktəblərdə yaranan problemlərin gec həll olunmasına səbəb olur.
Dünya təcrübəsi göstərir ki, təhsil idarəetməsində ixtisarlar kəskin və qəfil deyil, mərhələli, infrastruktur və resurs təminatı ilə paralel şəkildə aparılmalıdır. Estoniyada idarəetmənin optimallaşdırılması zamanı əvvəlcə regionların təhsil xəritəsi yenilənmiş, elektron idarəetmə sistemi qurulmuş, məktəblərdə texniki heyətin bir hissəsi digər xidmət modelləri ilə əvəz edilmiş, yalnız bundan sonra ştatların azaldılması istiqamətində addımlar atılmışdı. Bizdə isə ixtisarlar infrastrukturdan əvvəl baş verdiyi üçün məsələ daha çox “idarəetməni zəiflədən qənaət mexanizmi” təsiri bağışlayır”.
K.Əsədov qeyd edib ki, məsələnin müsbət tərəfi də var:
“Elm və Təhsil Nazirliyi bu məsələni ciddi şəkildə təhlil edərək, bir çox rayonda ixtisarların yenidən nəzərdən keçirilməsi, bəzi ştatların bərpası, inzibati yükün optimallaşdırılması üçün yeni mexanizmlər hazırlayır. Nazirliyin bu mövzuda çevik və situativ yanaşması islahatın qəza yaratmadan tənzimlənməsi baxımından müsbət və məsuliyyətli siyasətdir. Nazirlik haqlı olaraq bildirir ki, optimallaşdırma təhsil prosesinə, təhlükəsizliyə və keyfiyyətə zərər verməməlidir. Bu yanaşma rasional və müasir idarəetmə prinsipinə uyğundur”.
Ekspert təklif edir ki, rayon təhsil sektorları üçün minimum ştat standartı müəyyən olunsun:
"70 məktəbi olan bir rayon üçün 3–4 nəfərlik sektor idarəetmə baxımından qeyri-mümkündür. Gözətçi və xadimə ştatları mütləq bərpa olunmalı, sürücü və nəqliyyat təminatı normativləşdirilməlidir. Bu ştatlarda çalışan işçilər üçün regional məşğulluq proqramları tətbiq edilməli, işsiz qalan şəxslər birbaşa sosial təzyiq altında buraxılmamalıdır. Təhsil müəssisələrinin fəaliyyətini dayanıqlı edən texniki personalın varlığı keyfiyyətin ayrılmaz hissəsidir və bu ştatlar yalnız iqtisadi qənaət meyarı ilə qiymətləndirilə bilməz.
Hesab edirəm ki, dəyişəcək olan isə idarəetmə sisteminin daha səmərəli və funksional hala gətirilməsi, məktəblərdə təhlükəsizlik və gigiyena standartlarının bərpası, sektor rəhbərlərinin real nəzarət imkanlarının gücləndirilməsi və regionlarda sosial sabitliyin qorunmasıdır. Bu mexanizmlər tənzimləndikcə, optimallaşdırmanın faydası görünəcək. Əgər proses Elm və Təhsil Nazirliyinin ortaya qoyduğu peşəkar yanaşma ilə davam etdirilərsə, həm sosial risklər azaldılacaq, həm də təhsil idarəetməsində keyfiyyət yüksələcək”.
Milli məclisin deputatı Ceyhun Məmmədov isə açıqlamasında bildirib ki, bu gün təhsil sahəsində ciddi islahatlar gedir:
“Artıq şöbələr ləğv edilərək onların yerində sektorlar yaradılıb. Həm təhsil, həm də mədəniyyət sahələrində çoxlu insanlar fəaliyyət göstərir. Dövlətimizin yanaşması bundan ibarətdir ki, bu istiqamətdə müəyyən islahatlar həyata keçirilsin”.

Millət vəkilinin fikrincə, bu prosesin işsizliyə müəyyən təsiri ola bilər:
“Təbii ki, bu, Bakıya axına da öz təsirini göstərə bilər. Bu proses elə aparılmalıdır ki, effektiv olsun. Həqiqətən də, təhsil sektorlarının təchizatı yüksəldilməlidir. Tutaq ki, bir rayonda 100 məktəb var, bu məktəblərə getmək və gəlmək üçün müəyyən vəsait də tələb olunur. Bu reallıqlar da nəzərə alınmalıdır. İslahatlar həyata keçirilə bilər, lakin biz təminat məsələsinə də diqqətli yanaşmalıyıq ki, bu, ümumi onların fəaliyyətinə mənfi təsir göstərməsin. İnanıram ki, zamanla bu məsələlərin həlli üçün real addımlar da atılacaq”.
Firuzə Əliyeva
Sfera.az






