Öncədən özünə qəbir yeri hazırlayanlar - Bu ənənə hardan gəlir?

Son illərdə sosial mediada və müxtəlif platformalarda fərqli bir meyl diqqət çəkir: bəzi insanlar hələ sağ ikən özlərinə qəbir yeri və ya məzar daşı sifariş edirlər. Hətta bu sahədə ixtisaslaşmış şirkətlər belə yaranıb və açıq şəkildə “ölmədən əvvəl özünüz üçün qəbir daşı seçin” kimi xidmətlər təklif edirlər. Onların fikrincə, bu, həm gələcəkdə ailəyə maddi yük düşməməsi, həm də hər şeyin əvvəlcədən planlaşdırılması baxımından məqsədəuyğundur.
Bir çox Qərb ölkəsində bu yanaşma normal qəbul olunur, insanlar öz dəfn mərasimlərini, qəbir yerlərini, hətta mərhumdan sonra səsləndiriləcək musiqiləri belə öncədən müəyyən edirlər. Lakin bu tendensiya İslam dünyasında, o cümlədən Azərbaycanda birmənalı qarşılanmır.
Bəzi inanclara görə, insanın hələ sağ ikən özünə qəbir yeri alması və ya məzar daşı sifariş etməsi “ölümü çağırmaq” kimi yozulur, digərləri isə bunu sadəcə həyatın reallığına hazır olmaq və yaxınlarını çətin vəziyyətdə qoymamaq kimi qəbul edirlər.
Bəs İslam dini bu məsələyə necə baxır? Ölümə öncədən hazırlıq məqsədilə qəbir yeri almaq və ya məzar daşı seçmək dini baxımdan doğru addımdırmı, yoxsa mənəvi baxımdan xoş qarşılanmayan bir davranış sayılır?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən dinşünas Elşad Miri bildirib ki, bu barədə İslam dinində hər hansısa qadağa və ya tövsiyə anlayışı yoxdur.

Onun sözlərinə görə, İslamın məqsədi insanın ölü deyil, diri olaraq yaşaması və sağ olanda etdikləri əməllərlə onları qiymətlədirməkdir:
“İnsanın ölümündən sonra belə şeylərin edilməsi bir çox ölkədə var, hətta xaricdə bələdiyyələr bu məsələlərlə məşğul olur. Bizim ölkəmizdə isə qəbir üçün torpaq sahələrinin satıldığı üçün bu cür çətinliklər formalaşa bilir. Ümumilikdə bunların dinə heç bir aidiyyatı yoxdur”.
Məsələnin psixoloji tərəfindən isə klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov danışıb.
Onun sözlərinə görə, insanın ölümündən öncəni düşünməsi normal hesab edilir:
“Ölümündən sonra nəsə düşünmək birmənalı qarşılanmır. İnsanların ölümü başa düşməməsi və ya ölümə ideoloji baxışlarının fərqli olması, onların ölümə müxtəlif yanaşmalarında özünü biruzə verir. Ölüm insanın ən təbii halıdır. İnsan anlayışı ölüm anlayışı ilə assosiasiya olunur, əksi yoxdur, əksi həqiqət deyil. Düşüncənin yaratdığı mənfi anlayışların reallığını sorğulamaq lazımdır. Ölüm qorxudur. İnsanlar ölümdən və ölümdən sonrakı mərhələ üçün qorxu keçirir”.

Psixoterapevt qeyd edib ki, insanın öncədən özünə məzar hazırlatmaq niyyəti həm xoşniyyətlidir, həm də qəribədir:
“Xoşniyyətlidir ona görə ki, insan ölümündən sonra heç kimə maddi yük olmaq istəmir. Qəribədir, ona görə ki, buna ehtiyac yoxdur. Ehtiyac olmayan hal qəribə düşüncəsi yaradır. Qəribəlik insanlarda hər zaman rəqabət yaradır. Bəlkə də maddi resurs buna imkan verir. Rəqəmsal dünyada insanlar ölümündən sonra da müsbət xatırlanmaq və yad edilmək istəyir. Yaranan avtomatik düşüncə bu ola bilər və insan bunun reallığını sorğulamaq istəmir. Yeni dəb yaranır və insanların da marağını çəkir. Korporativ hücumçular isə bu prosesdən maddi qazanc güdürlər. Həqiqətən buna ehtiyac yoxdur. İnsanlar sağ olduqları zaman özlərini ifadə etməlidirlər. Həyatı xoş yaşamaq lazımdır, son anında belə. Yaşamağa da, ölməyə də rasional düşüncə ilə yanaşmaq lazımdır”.
Firuzə Əliyeva
Sfera.az






