Əli Həsənovun vaxtilə mükafatlandırdığı jurnalist SSRİ bayrağı ilə yürüşə görə həbs edildi

Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə və kommunist ideologiyasının təbliği ilə bağlı ittiham olunan şəxslər barəsində məhkəmə hökm çıxarıb.
Sfera.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən Elçin Bayramlı 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər - İbrahim Əsədli və Abdulla İbrahimli 2 il, Mehman Zeynalov isə 1 il 6 ay həbs cəzası alıb.
Elçin Bayramlı uzun illər "Səs" qəzetində çalışıb və müxtəlif ictimai-siyasi mövzularla bağlı çıxışları ilə tanınıb. Son dövrlərdə onun Sovet İttifaqına müsbət münasibət ifadə edən açıqlamaları da müzakirələrə səbəb olmuşdu. Həmçinin, uzun illərdir "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.
Diqqət çəkən məqamlardan biri isə odur ki, Elçin Bayramlının adı 2017-ci ildə jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binasından mənzil alan şəxslərin siyahısında yer alıb. Həmin dövrdə yayılan məlumatlara görə, o, həyat yoldaşı, jurnalist Lalə Mehralı ilə birlikdə mənzil alan jurnalist ailələrindən biri olub. Bu mənzillər Prezident Administrasiyasının o vaxtkı İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun kurasiya etdiyi dövrdə jurnalistlərə təqdim edilib.
Qeyd edək ki, uzun illərdir "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevdir.







