20 sentyabr nə baş vermişdi?

20 sentyabr nə baş vermişdi?
Kateqoriya məlum deyil
T

20 sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 


 

Sfera.az xəbər verir ki, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri Qarabağda lokal xarakterli antiterror tədbirlərinə start verib.


 

Bu əməliyyatlar üçtərəfli bəyanatın müddəalarının icrasını təmin etmək, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısını almaq, Ermənistan silahlı birləşmələrinin tərksilah edilərək ölkə ərazisindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi məqsədi daşıyıb. Eyni zamanda işğaldan azad olunmuş torpaqlara qayıdan mülki əhalinin, bərpa-quruculuq işlərinə cəlb edilən işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması, habelə ölkənin Konstitusiya quruluşunun bərpası əsas hədəflərdən olub.

 

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin ön xətt və arxa mövqeləri, uzunmüddətli atəş nöqtələri, hərbi texnikaları və strateji obyektləri yüksək dəqiqlikli silahlarla məhv edilib. Nəticədə separatçı qüvvələr təslim olmağa məcbur qalıblar.

 


2023-cü il sentyabrın 20-də Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək əməliyyatın uğurla başa çatdığını, Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu elan edib. Dövlət başçısı Azərbaycan əsgər və zabitlərinin həm peşəkarlıq, həm də yüksək mənəvi iradə nümayiş etdirdiyini xüsusi vurğulayıb.

 


Beləliklə, bir sutkadan az müddətdə Ermənistan ordusunun qanunsuz birləşmələri tam zərərsizləşdirilərək ölkə ərazisindən çıxarıldı, Qarabağda qondarma xunta rejimi ləğv olundu. Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində separatçı rəhbərlər saxlanıldı.

 

Bununla da Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi bərpa edildi. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sənədə əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

 

Niyaz Hacıyev 
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR