Bakıda evlər ucuzlaşacaq?

Azərbaycan Beynəlxalq Bankının (ABB) hazırladığı "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili" adlı son hesabatda paytaxtın torpaq bazarında baş verən ciddi qiymət artımı diqqət çəkir. Sənəddə qeyd olunur ki, 2024-cü ildə Bakıda torpaq sahələrinin orta qiyməti 2023-cü illə müqayisədə 14 faiz artıb. Bu isə son iki ildə müşahidə olunan ümumi 44 faizlik bahalaşma prosesinin davam etdiyini göstərir. Ən son məlumata görə, 2025-ci ilin I rübündə qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz yüksəlib.
Mütəxəssislərin fikrincə, torpaq bazarındakı bu artım təsadüfi deyil. Urbanizasiya prosesinin intensivləşməsi, şəhərsalmanın genişlənməsi, tikinti üçün əlverişli torpaq sahələrinin məhdudlaşması və təklifin azalması qiymətlərin artımına birbaşa təsir göstərir. Eyni zamanda, paytaxtda aparılan iri miqyaslı infrastruktur layihələri, əhalinin şəhər mərkəzinə və ətraf ərazilərə yönələn köçü torpağa olan tələbatı artırır. Bütün bu faktorlar fonunda torpaq bazarında qiymətlərin yaxın perspektivdə də yüksələcəyi proqnozlaşdırılır.
Sfera.az bildirir ki, bazarın bu istiqamətdə dəyişməsi daşınmaz əmlak sektorunun digər sahələrinə, xüsusilə də mənzil bazarına təsirsiz ötüşmür.
Çünki torpaq qiymətləri tikinti layihələrinin əsas maliyyət komponentlərindən biridir. Torpağın daha baha alınması tikinti xərclərini artırır, bu isə öz növbəsində inşa edilən mənzillərin satış qiymətinə təsir göstərir.
Hazırkı mərhələdə tikinti şirkətləri torpaq sahələrinin bahalaşmasını artıq nəzərə almağa başlayıblar. Yeni layihələrin ilkin qiymətləndirməsində bu artım mühüm rol oynayır. Bundan başqa, tikinti materiallarının qiymətindəki davamlı artım, logistika və işçi qüvvəsi ilə bağlı xərclərin yüksəlməsi də mənzil bazarını bahalaşma təzyiqi altında saxlayır.
Yaranmış vəziyyət köhnə mənzillərin də qiymətində artım yarada bilər. Belə ki, yeni tikililərdə baş verən qiymət artımı bazarın ümumi qiymət səviyyəsinə təsir edir və bu, köhnə binalarda yerləşən mənzillərin də bazar dəyərini yüksəldə bilər. Alıcıların alternativ axtarışları və mövcud mənzillərə yönəlməsi nəticəsində bu seqmentdə də qiymətlər tədricən artmağa başlayır.
Beləliklə, daşınmaz əmlak bazarında mövcud vəziyyət onu göstərir ki, həm torpaq, həm də mənzil sahəsində qiymət artımı tendensiyası hələlik dayanmaq niyyətində deyil. Bu isə vətəndaşların əmlak almaqla bağlı qərarlarını daha tez və düşünülmüş şəkildə vermələrini aktuallaşdırır. Çünki bazarda sabitləşmə gözləntiləri reallıqdan uzaq görünür və yaxın aylarda qiymətlərin yüksəlməsi ehtimalı da var.
Firuzə Əliyeva
Sfera.az