“Sələmçi Qiyas” həbs olundu
Yevlaxda və ətraf rayonlarda sələmçi kimi tanınan Qiyas Pənahov hədə-qorxu ilə tələb etmə əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
Sfera.az-ın məlumata görə, onun barəsində Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müvafiq qərarla “Sələmçi Qiyas” barəsində həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, Q.Pənahovun əməlləri ilə bağlı onlarla zərərçəkmiş var. Sələmçinin həmin şəxslərə 300 min manatdan artıq zərər vurduğu qeyd edilir.
Şikayətçilərin sayının artması istisna deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə və televiziyalarda “Sələmçi Qiyas”la bağlı bir neçə dəfə məlumatlar yayılıb. Həmin məlumatlarda şikayətçilər sələmçinin onlara 500 manat qarşılığında 5 min, 1000 manata qarşı 10 minlik borc müqaviləsinə imza atdırdığını iddia ediblər.