Bu ilin dekabrında Bakıda beynəlxalq konfrans keçiriləcək
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib.
Sfera.az xəbər verir ki, iclasda hüquq və azadlıqların qorunması, həmçinin cinayətkarlığa qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin intensiv qaydada davam etdirilməli olduğu, xüsusən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması sahəsində səmərəliliyin artırılmasının vacibliyi vurğulanıb.
Tədbir barəsində məlumat verilərkən bildirilib ki, dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağında 88 ölkə, 95 yurisdiksiya, 10 beynəlxalq təşkilatdan ümumilikdə 500-dən artıq şəxs iştirak edib.
Eyni zamanda çıxışda qeyd olunub ki, bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) kimi mötəbər bir tədbirin paytaxtımızda keçirilməsinin 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilməsi dünya ölkələri tərəfindən ölkəmizə olan etimadın və Prezident İlham Əliyevin siyasi səriştə və bacarığının göstəricisidir.
Bundan əlavə, vurğulanıb ki, cari ilin dekabr ayında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı və Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində beynəlxalq konfrans keçiriləcək.