Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? - AÇIQLAMA

Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? - AÇIQLAMA

Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişikliyə görə, heyvanlarla rəhmsiz rəftar edənlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

 

Maraqlıdır, qanuvericiliyə görə, həmin şəxsləri hansı cəza gözləyir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, deputat Razi Nurullayev bildirib ki, cərimə hələ müəyyənləşməyib:

 

“Aqrar siyasət komitəsində qanuna təklif olunan dəyişiklik qəbul olunduqdan sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə daxil olacaq. Milli Məclisdə qəbul olunandan sonra isə İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik olunmalı və cərimənin miqdarı müəyyənləşdirilməlidir”.

 


Vəkil Turan Abdullazadə isə bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü madəsinə əsasən heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə, beş yüz manat məbləğində cərimə edilir:

 

“31 may 2007-ci il tarixli "Ev heyvanlarının mühafizəsi haqqında" Avropa Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Ev heyvanlarının mühafizəsi haqqında" 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyasının 3.1-ci maddəsinə əsasən, heç bir kəs ev heyvanına lüzumsuz ağrı, əzab və ya zərər verə bilməz."Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanunun 53-cü maddəsinə əsasən heyvanlarla rəhmsizcəsinə davranması nəticəsində onları şikəst və ya tələf etdikdə məsuliyyətə səbəb olur”. 

 

Vəkilin sözlərinə görə, müvafiq qanunvericilik bazası mövcud olsa da, Azərbaycan Respublikasında heyvan hüquqları kifayət qədər qorunmur:

 

“Günümüzdə heyvanlara qarşı münasibətdə “hüquqi nihilizm”in ( boşluğun, etinasızlığın) şahidi oluruq. Təəssüflər olsun ki, heyvan hüquqlarının qorunması sahəsində qanunvericilik baxımından əməli tədbirlər tam olaraq görülməmiş, mütəmadi qanunvericilik səviyyəsində kompleks aktlar qəbul olunmamışdır”.

 


O vurğulayıb ki, heyvanlara qarşı zorakılıq aktları ilə bağlı məsuliyyətin dərəcəsi ağırlaşdırılmalı, cərimənin məbləği artırılmalı, həm də əməli-maarifləndirici tədbirlər gücləndirilməlidir:

 


“Bu gün, həqiqətən də heyvanlara rəhmsiz rəftar edən şəxslərə qarşı ağır cəzaların müəyyən olunmasına çox ciddi zərurət var. Düşünürəm ki, 1500-2000 AZN cərimə müəyyən olunsa, heç kim bir də əlini günahsız canlılara uzatmağa cəsarət etməz. Hətta heyvanlara qarşı rəhmsiz, vəhşicəsinə davranmağa görə şəxsləri azadlıqdan belə məhrum edən ölkələr var”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR