Onlarsız 4 il ... - REPORTAJ

Onlarsız 4 il ... - REPORTAJ

Bu gün 44 günlük möhtəşəm Zəfər tarixinin, Vətən müharibəsinin başladığı gündür. Sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin anım günüdür.

 

Səhər işə gələrkən yolumuzu şəhidlərimizin dəfn olunduğu İkinci Fəxri xiyabandan saldıq. Hər kəs orada idi – Azərbaycanın ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azadlığı uğrunda şəhadətə qovuşan Vətən övladlarının yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri...

 

4 il keçməsinə baxmayaraq, duyğular, şəhid yaxınlarının kövrək, amma fəxr dolu baxışları dəyişməmişdi. 

 

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan mayor Elçin Mansurovun anası Məleykə Məcidova ilə söhbətləşdik. Deyir ki, oğlunu dağ cüssəli qəhrəman kimi xatırlayır:

 

 

“O qəhrəman kimi dünyadan köçdü, adı isə hələ də yaşayır. Sadəcə artıq yuxularıma gec-gec gəlir. Bu yaxınlarda dedim ki, “ay Elçin, niyə yuxuma gec gəlirsən?”, həmin gecə yuxuma girdi. Yuxuda mənə baxıb gülürdü. Dedim ki, “Haradasan? Axı darıxıram sənin üçün...””.

 

Söhbətimizi qıraqdan bir səs bölür: “Elçinin anasısınız?”

 

Bu, şəhid Elçin Mansurovun zabit yoldaşı Məmmədağa Əliyevdir. Məleykə xanımla qucaqlaşıb, ona baş sağlığı verdikdən sonra Elçinlə xatirələrindən danışır. Onun sözlərinə görə, Elçinin ən sevdiyi mahnı Zülfiyyə Xanbabayeva və Miri Yusifin “Dostum” dueti olub:

 

 

“Elçinlə uzun müddət döyüş yolu keçmişik. Müharibədən öncə də Tovuz və Murov istiqamətində birlikdə tapşırıqlarımız olub. O çox gözəl komandir, nümunəvi və fəxr olunası oğuldur. Necə deyərlər, “dastoynı” zabit idi. Onun haqqında danışsaq, bitməz. Onun ruhu bu gün şaddır”. 

 

Cəbrayıl rayonu istiqamətində aparılan döyüşlər zamanı şəhid olan kapitan Sənan Kərimovun anası Ətrabə Kərimova da oğlunun məzarı başında idi. Kövrəlsə də, məğrur baxışları ilə dik dayanmışdı. Ətrabə xanıma yaxınlaşıb Sənan Kərimovu xatırlayırıq. Söyləyir ki, hər zaman Sənanla fəxr edib:

 

“Hərbçi olub torpaqlarımızı işğaldan azad etmək Sənanın uşaqlıqdan arzusu idi. O, VIII sinifdən məktəbdən ayrılaraq Cəmşid Naxçıvanski adına hərbi liseydə sonra da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib. Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sənan döyüşdə olduğunu mənə bildirməsə də, mən bilirdim. Ona zəng edəndə deyirdi ki,  bir dəqiqəyə yığacam. Dayısına demişdi ki, lazım gəlsə, şəhid də olar. O, mənim fəxr yerimdir. İki bacının bir qardaşı idi. Nişanlı idi, deyirdik ki, müharibədən gəlsin, toy edək. Onun tayı bərabəri yoxdur, həmişə gülərüz, zarafatcıl olub”.

 

Saat 12:00-dır. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir. Sonra üç dəfə yaylım atəşi açılır... Artıq 4 ildir ki, milli birliyimizin simvolu olan şəhidlərimiz bu cür xatırlanır, şücaət, fəxr, milli qürur hissi ilə yad edilir. 

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR