"Bu zaman quru sərhədlər açılacaq" - Millət vəkili AÇIQLADI

Bildiyimiz kimi, Azərbaycan 2020-ci ilin martından bəri koronavirus pandemiyasına görə, ölkənin quru sərhədlərini gediş-gəlişə bağlayıb. Quru sərhədlər yalnız yük daşımalarına və Türkiyə istiqamətində Naxçıvan qeydiyyatında olanlara açıqdır. Bunun da səbəbi təhlükəsizliklə bağlı təhdidlərin olması ilə izah olunur.
Bəs quru sərhədləri birtərəfli açıla bilərmi? Bu, hansısa təhlükə yarada bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Azər Allahverənov bildirib ki, sentybarın 23-də keçirilən VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, quru sərhədlərin bağlı olması Azərbaycanı bir çox fəlakətlərdən xilas etdi:
“Pandemiya və regionda siyasi müstəvidə baş verən hadisələrin təhlükəsizlik sistemində təhdid yarada biləcək amillərdən ibarət olması vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı məqamlardandır. Sırf bu nöqteyi-nəzərdən quru sərhədlərin bağlı olması ilə bağlı olan qərar 2025-ci ilin yanvarın birinə kimi artırılıb”.
Millət vəkili qeyd edib ki, Azərbaycanda quru sərhədlərin birtərəfli açılması praktikası mövcuddur:
“Gürcüstana gedən Gürcüstan vətəndaşları üçün, Azərbaycana Türkiyədən Naxçıvan sərhədi ilə gələn vətəndaşlarımız üçün, Rusiyadan Azərbaycana girişin təmin olunması üçün zəruri addımlar atılıb. Faktiki olaraq bu barədə müxtəlif vaxtarda müxtəlif qərarlar verilib. Beynəlxalq yükdaşımalarda iştirak edən şəxslər də həmin quru sərhədlərdən keçirlər. Bir qayda olaraq, quru sərhədlərin bağlı olması biləvasitə vətəndaşların gedişi-gəlişi üçün müəyyən məhdud rejimdədir”.
A.Allahverənovun sözlərinə görə, quru sərhədlər birtərəfli qaydada ehtiyac yarandıqda açılır:
“Bu yaxınlarda Çeçenistanda hadisə olmuşdu, bizim bir neçə vətəndaşımızın qeyri-qanuni şəkildə hərbi birləşmələrə cəlb olunması ilə bağlı faktlar var idi. Bununla bağlı xarici işlər naziri məsələyə müdaxilə etdikdən sonra diplomatik strukturlar vasitəsilə həmin şəxslərin geri qaytarılmasına nail olunub. Onlar ölkəyə quru sərhəddən daxil olublar”.
Deputat vurğulayıb ki, 2025-ci ildə mövcud rejimin bir qədər də sadələşdirilməsinin şahidi ola bilərik:
“İndiki vəziyyətdə, bu məsələlərə qonşu regionlarda gedən siyasi proseslər, o cümlədən, dövlətlərarası miqrasiya mübadiləsinin yüksək olması və digər hadisələr öz təsirini göstərir. Nə zaman quru sərhədlərin açılmasına zərurət yaranarsa, aidiyyəti strukturların bu proseslə əlaqədar olaraq müəyyən rəyləri nəzərə alınmaqla quru sərhədlərin açılması ilə bağlı məsələdə müəyyən yumşalmalar ola bilər. Hələlik, sərhədlərin bağlı olması təhlükələrin səngimədiyindən xəbər verir. Gələcəkdə təhdidlərin təsiretmə imkanları azalarsa, bu zaman quru sərhədlərin açılması ilə bağlı müvafiq qaydada qərar verilə bilər”.
Firuzə Əliyeva