Bir müəssisədə maksimum nə qədər işləmək olar? - AÇIQLAMA

Bir sıra insanlar var ki, tez-tez iş yeri dəyişirlər, yəni bir iş yerində daimi çalışa bilmirlər.
Bəs buna səbəb nədir?
Mövzu ilə bağlı Sfera.az-a danışan İnsan resursları üzrə mütəxəssis Aqşin Kərimov bildirib ki, hər hansı bir müəssisədə çalışmaq müddəti qanunvericilikdə yer almır. Bu, işçinin özü və müəssisə arasında olan məsələdir.
“Bir iş yerində az çalışmaq, tez-tez iş yeri dəyişmək digər işə götürənlərdə həmin şəxsə qarşı olan inamı azaldır. Onu işə götürməkdə çəkinirlər. Çünki işçi 1 il ərzində 3 dəfə iş yeri dəyişibsə, orta hesabla 3 aydan bir iş dəyişib. Düşünürlər ki, bu adam 3-4 ay sonra bizim müəssisəni də tərk edəcək. Və yenidən mən kadr axtarmaq məcburiyyətində qalacam”.
Mütəxəssis işdən ayrılmaq barədə düşünməyimizə səbəb olacaq situasiyalardan da danışıb:
“Şəxs bir müəssisə, yaxud bir vəzifədə ən azı 2-3 il çalışmalıdır. Əgər bu şirkətdə onun 2-3 ildən bir vəzifəsində dəyişiklik olursa, müəyyən mənada orada daha uzun müddət də qalmaq olar. Biz uzun müddət bir şirkətdə qalırıqsa, orada özümüzə komfort zona yaradırıq. Və o komfort zonadan kənara çıxmadığımız üçün müəyyən mənada inkişafdan kənarda qalırıq. Araşdırmalar göstərir ki, bir iş yerində uzun illərlə çalışmaq ənənəsi gənc nəsillə birgə sonlanmaq üzrədir. Ona görə də şirkət rəhbərləri gənc və həvəskar işçini itirməmək üçün, onun və şirkətin inkişafı naminə müəyyən yeniliklər həyata keçirməlidir”.
Ülkər Abdurahmanlı