Gərginlik artır: kiberordular yaradılır – Mühüm detallar açıldı

Gərginlik artır: kiberordular yaradılır – Mühüm detallar açıldı

Globalinfo.az Milli Məclisin deputatı Cavanşir Feyziyevlə müsahibənin ikinci hissəsini təqdim edir.

 

– Dünya yeni müharibələr mərhələsinə qədəm qoyur. Livan və İraqda baş verənlər fonunda bunu söyləmək mümkündür. Rabitə, planşet, peycer, rabitə vasitəsilə terror, hücum… Belə çıxır, texnologiya yalnız insanların həyatını asanlaşdırmaq üçün deyilmiş, həm də onların həyatına son qoymaq üçün düşünülübmüş. İstəyəndə bu şəkildə hücumlar təşkil edib, yüzlərlə, minlərlə insanı həlak etmək mümkündür. Azərbaycan bu cür hücumlara nə dərəcədə hazırdır?

 

– Çox gərgin bir zamanda yaşayırıq. Dünyanın müxtəlif bölgələrində münaqişələr və müharibələr səngimək bilmir. Bu müharibələrdə istifadə olunan yeni texnologiyalar da sürətlə dəyişir, günbəgün, hətta saatbasaat təkmilləşir. İnsanlığın icad etdiyi hər bir yeni texnologiyanın həm proqressiv, həm də reqressiv effektləri ola bilər. Misal olaraq nüvə enerjisini göstərə bilərik. Zamanında nüvə reaksiyası iqtisadiyyatda və məişətdə istifadə olunan elektrik enerjisi istehsalının dəfələrlə artırılması üçün ideal vasitə hesab olunsa da eyni zamanda onun dəhşətli dağıdıcı gücündən insanları məhv etmək üçün də istifadə etdilər. Bugünkü informasiya texnologiyaları (İT) elmi də belə imkanlar yaradır.Onu həm cəmiyyətin rifahının yüksəldilməsi üçün və həm də cəmiyyətin özünü məhv etmək üçün istifadə etmək mümkündür. Az öncə Livanda baş vermiş “peycer müharibəsi” buna yaxşı misal ola bilər. Amma əgər insan beyni bunu düşünə bilibsə, elə insan beyni də onun qarşısını almağın yollarını düşünüb tapır. Cəmiyyətimizdə yeni-yeni eşidilməyə başlayan kibertəhlükəsizlik ifadəsi məhz bununla bağlıdır. Müasir informasiya texnologiyaları zəminində kiber üsullarla hücumların təşkili artdıqca cəmiyyətlər və dövlətlər də adekvat addımlar atmağa məcbur olur və bu kibertəhlükəsizlik problemini aktuallaşdırır. Keçən il ərzində Milli Məclisdə kibertəhlükəsizliklə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanun qəbul olunub. Keçən ilin 28 avqustunda isə Prezident İlham Əliyev “Kibertəhlükəsizliyin təmin olunması üzrə Milli Strategiyanı” imzalayıb. Bütün bu addımlar ölkəmizdə məhz bu kimi təhlükələrin qarşısının alınmasına yönəlmiş tədbirlərdir. Hazırda kibertəhlükəsizliyin təmin olunması hökumətin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu sahədə mütəxəssislərin yetişdirilməsi günümüzün vacib məsələsindən biridir. Bəzi inkişaf etmiş ölkələrdə sözün əsil mənasında kiber ordular yaradılmaqdadır. Dünyanın bugünkü durumu bu cür yeni tipli təhlükələrə qarşı hazır olmağı tələb edir.

 

– Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək. Noyabrda baş tutacaq bu tədbir ölkəmizə nə vəd edir? Bəzi proqnozlar səsləndirilir ki, COP-dan sonra Azərbaycana beynəlxalq miqyasda təzyiqlər daha da artacaq. Bu cür bədbin proqnozlara inanmaq, onları ciddi saymaq olarmı?

 

– Tezliklə ölkəmiz dünyanın ən miqyaslı qlobal tədbirlərindən biri olan COP29-a ev sahibliyi edəcək. Bu tədbirin Azərbaycanda keçirilməsi dünyanın bütün ölkələri tərəfindən dəstəklənib ki, bu da dünya birliyinin ölkəmizə bəslədiyi etimadın və qlobal miqyasda dövlətimizin siyasi nüfuzunun artmasının göstəricisi sayıla bilər. Təzyiqlərdən danışdıqda isə COP-29 tədbirləri ərəfəsində və qlobal konfransın gedişində belə cəhdlərin olması gözlənilən idi və biz artıq bu təzyiqləri müşahidə edirik. Aydın məsələdir ki, dünya erməniliyi və müxtəlif ölkələrdə öz siyasi fəaliyyətlərini onların sifarişi ilə planlaşdıran bəzi siyasətbazlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq üçün belə bir fürsəti əldən buraxmaq istəməzlər. Lakin Azərbaycan dövlətinin apardığı siyasət o qədər dəqiqdir və dövlətimiz o qədər güclüdür ki, bu cür cəhdlər heç zaman uğurlu ola bilməz. Son 10-15 il ərzində Azərbaycanda baş tutmuş Avroviziya musiqi yarışması, ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları ərəfəsində də biz bu cəhdlərlə üzləşmişik. Amma gördüyünüz kimi, bu tədbirlərin hər biri ölkəmizdə bütün dünyaya nümunə sayıla biləcək dərəcədə yüksək səviyyədə keçirilib. Əminəm ki, bütün təzyiqlərə baxmayaraq Qlobal İqlim Dəyişikliyi Konfransı da tezliklə ölkəmizdə eyni uğurla baş tutacaq.

 

– Gürcüstan böyük fırtına astanasında. Azərbaycanın qonşuluğunda böyük siyasi hadisələrin yaşanacağı, təlatümlərin olacağı gözlənir. Gürcüstan harda yanlış etdi ki, Qərblə Rusiya arasında poliqona çevrildi? Siz Gürcüstanın qarşıdan gələn seçkilərdən “sağ çıxacağına” inanırsınız?

 

– Zənnimcə, Gürcüstanda gözlənilən seçkilərlə bağlı səsləndirilən ifrat pessimist proqnozlar reallığı əks etdirmir. Mənə elə gəlir ki, son illərdə Gürcüstan siyasətində beynəlxalq siyasətin və xüsusilə Cənubi Qafqaz geopolitikasının daha aydın dərk olunması prosesi gedir. Eyforiya illəri artıq arxada qalır. Real siyasət xəyali gözəlliklərdən uzaq bir fenomendir. Yaxşı xatırlayıram ki, 2008-ci ilin avqust müharibəsinə qədər Gürcüstan siyasi hakimiyyəti bir təkanla post-sovet məkanından Avropanın “cənnət” məkanına atılıb daha xoşbəxt yaşamaq haqqında illüziyalara qapılmışdı. Avropa Birliyi ilə Assosiativ üzvlük də Gürcüstanı xeyli qanadlandırmışdı. Lakin həyat göstərdi ki, dünyada gedən proseslərin alt qatını, onların mahiyyətini anlamadan və 1991-ci ildə dünyada başlanmış beynəlxalq siyasi transformasiyaları nəzərə almadan geosiyasi məqsədlər müəyyənləşdirmək və spontan qərarlar qəbul etmək praqmatizmdən uzaq yanlış bir siyasətdir. Müasir ədəbiyyatda bunu populizm də adlandırırlar. Lakin ən azı son onillikdə ölkəni idarə edən siyasi güclər artıq reallığı bilirlər və müstəqilliyin möhkəmləndirilməsi üçün daha praqmatik addımlar atmağa çalışırlar. Bir neçə ay əvvəl Gürcüstan parlamentində “ino-agentlər” haqqında qərarın qəbul olunması da bunu göstərdi. Həmin qərarın qəbul olunması prosesində Gürcüstanda “5-ci kolon”un fəallaşması isə onu göstərdi ki, baş verən hadisələrin cəmiyyət tərəfindən siyasi dərki zəifdir və xarici müdaxiləyə və təsirlərə qarşı milli həmrəylik çox aşağı səviyyədədir. Mövcud vəziyyət gələcəkdə də ictimai-siyasi sabitliyin pozula bilməsi haqqında müəyyən ehtimallar yaradır. Amma mövcud hakimiyyətin bu kimi halları önləyə biləcəyinə inanıram.

 


OXŞAR XƏBƏRLƏR