Bal Yarmarkasından REPORTAJ - FOTOLAR

Bal Yarmarkasından REPORTAJ - FOTOLAR

Sentyabrın 9-da paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.Sentyabrın 29-na qədər davam edəcək yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyi birgə təşkil edib. Yarmarkada demək olar ki, bütün arıçılıq məhsullarını - bal, arı südü, çiçək tozu, vərəmum (propolis), homogenat, bal sirkəsini və s. tapmaq mümkündür.

 

Yarmarka ilə tanışlıq üçün oraya yollandıq. 

 

Müşahidələrimizə əsasən deyə bilərik ki,  bu il balın hər kiloqramı azı 30 manata satılır ki, bu da ötən illə müqayisədə təxminən 5 manat çoxdur.

 

Bal istehsalçıları ilə söhbətləşdik.

 

Qax bölgəsindən olan fermer Asəf Məhsimov bildirdi ki, babalarından qalan peşəni 30 ildir, davam etdirir:

 

“Arıçılıq sahəsində birinci yerdə arı südü, ikinci çiçək tozu, üçüncü yer propolis, sonda isə baldır. Lakin əksər insanlar arı deyəndə sadəcə bal düşünür. Bu il 400 kq cökə və dağ balı, 30 ədəd şan, propolis və arı südü gətirmişəm. Satış əvvəlki illərdə pis olmayıb, bu il də yaxşı nəticə gözləyirik. Bütün qiymətlərdə artım olduğu üçün balların da qiyməti 30-35 manata yüksəlib. Şan balı 35 manat, süzülmüş bal 30 manatdır, əvvəllər isə şan balı 30 manat, süzülmüş 25 manat idi. Bundan başqa, arı südü çox əziyyət tələb edən məhsuldur. Xüsusi şəkildə toplanılır və saxlanılır. Hər bir arı ailəsindən 0,7 qram arı südü götürülür. Buna görə də, bir qramı 5 manatdır. Bəziləri deyir ki, bahadır, ancaq bizi də anlamaq lazımdır. Kilometrlərlə yolu böyük maşın tutub məhsul gətiririk. Hamısı xərcdir. Heç kəs arıçını bahalığa görə danlamasın. 200-ə yaxın arı ailəm var. Geri dönəndə onlara 2-3 min manat sərf etməliyəm”.

 


A.Məhsimov bizimlə təbii balı saxta baldan seçə bilməyin üsullarını da bölüşdü:

 

“Hər bir sahədə saxta məhsul olur. İlk növbədə satıcının vicdanı olmalıdır. Alıcılar da diqqətli olsunlar. Əgər balı süzəndə kəsilmirsə, sona qədər axırsa, deməli, təbiidir. Arı südü soyuducuya qoyulanda donmamalıdır, donsa belə, açılanda yenidən süd kimi olmalıdır”.


Şəkidən gələn Heydər Süleymanov isə  bu işdə əsas çətinliyin arıların yerinin dəyişdirilməsi olduğunu dedi:

 

“Peşə babalarımdan qalsa da, özüm 4-5 ildir, məşğulam. Hazırda 80-ə yaxın arı ailəm var. Ballarda əsas fərq onun çiçəyindədir. İşin ən çətin tərəfi arıların yerinin köçürülməsidir. Bu il artıq 6-7 dəfə yer dəyişdirmişəm. Qiymətlərə gələndə isə Kəlbəcər balı 35, Şəki balı 25 manatdır. İlk dəfədir ki, yarmarkada iştirak edirəm. Üç gündür yarmarkanın açılışı olub, amma alış hələ zəifdir”.

 

Balakən bölgəsini təmsil edən Məhəmməd Qomurovun sözlərinə görə 10 ilə yaxındır ki, yarmarkada iştirak edir:

 

“20 ildir, bu işlə məşğulam. Əvvəllər biznes kimi yanaşmırdım, bir arı ailəsi almışdım, lakin sonra sonra davam etdirmək qərarına gəldim. 8-10 ildir, yarmarkada iştirak edirəm. Qaratikan, cökə, may, pətək, çərçivə balı olmaqla 420 kilo məhsul gətirmişəm. Qiymətlər 25-30 manatdır. Çərçivə balını çəkəndə təxmini 300 qram taxtasının ağırlığını çıxırıq. Alış hələ ki, zəifdir. Getdikcə yaxşılaşacağını düşünürəm”. 

 

İsmayıllı-Ağsu bölgəsinin fermeri Bəhruz Əsgərli də alışın zəif olduğunu söylədi:

 

“20 ildən çoxdur, atamın işini davam etdirirəm. Bizdə əsasən balın dağ-meşə, tikan və biyan növləri olur. Müştəri olmadığından hələ satış etməmişik. Əvvəlki illərdə ən azından bir az satış olurdu. Məsələdə kütləvi informasiya vasitələrinin də dəstəyi böyükdür. Ümid edirik ki, alıcı sayı artar”.

 

Fermerlərə bol qazanc arzu edərək söhbətimizi yekunlaşdırdıq.

 

Qeyd edək ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.

Yarmarkada iştirak üçün hər bir arıçıya iyulun 26-na qədər arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.

 

Ümumilikdə, ölkənin 39 rayonundan 275 arıçı 120 tona yaxın məhsulu yarmarkada satışa çıxarıb.  

 

Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR

Dramatik hekayəsi ilə “Fil Adam” filminə ilham verən bəxtsiz adam - FOTO

Bir çoxumuz onu Devid Linçin 1980-ci ildə çəkdiyi “Fil Adam” filmindən tanıyırıq. Tibb elminin hələ o qədər də inkişaf etmədiyi bir vaxtda çox nadir...

Gündə 3 fincan qəhvə sizi bu xəstəliklərdən qoruyur -ARAŞDIRMA

Orta miqdarda qəhvə və kofeinin müntəzəm istehlakı diabet, koroner ürək xəstəliyi və insult da daxil olmaqla bir çox kardiometabolik xəstəliklərin inkişafına qa...

Milyarder tikintisinə 75 milyon dollar xərclədiyi iki malikanəni 4 milyon dollara satdı

Milyarder Ceyms Tana tərəfindən tikintisinin 75 milyon dollara başa gəldiyi bildirilən Banjup şəhərinin (Avstraliya) Coffee Road və Biniap Road üzərindəki sökük...

Qrenlandiya buzlarında görünən ruh: Haradan gəlib?

Bu hekayə 2011-ci ildə, Qrenlandiyanın peyk şəkillərində ilk dəfə qəfildən “ruh” göründüyü zaman başlayıb.   Sfera.az bildirir ki, “r...

Sığorta pulu almaq üçün dəfələrlə öldürülməyə çalışan adam: Maykl Malloy

1930-cu illərin əvvəllərində bir neçə dost bir plan hazırlayıblar. Onlar bədbəxt bir adam Maykl Malloyu öldürərək sığorta pulu almaq istəyiblər.   Laki...

Sirrlərin məskəni: Yazıçı Aqata Kristiyə ilham verən bu adanı niyə sata bilmirlər?

Bir neçə Aqata Kristi əsərlərini ilhamlandıran Böyük Britaniyanın kiçik bir adası satıla bilmədiyi üçün bazardan çıxarılıb.   Sfera.az bildirir ki, İng...