“Bakıdan Sumqayıta bir neçə marşrut xətti açılmalıdır, əks halda…” - Ekspertdən AÇIQLAMA
Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakı və Sumqayıt şəhərləri arasında sərnişindaşımanın səmərəliliyinin artırılması üçün bir neçə marşrut xəttinin açılmasını təklif edib.
Sfera.az xəbər verir ki, ekspert indiki kimi yalnız bir və ya iki xətt üzrə ictimai nəqliyyatın olmasının Sumqayıtdan Bakıya və əks istiqamətdə sərnişinlərin rahat hərəkətini təmin etmədiyini bildirib.
“İki şəhər arasında yalnız vağzaldan-vağzala sərnişindaşıma sisteminin qurulması yanlış yanaşmadır. Sumqayıt yaradıldığı ilk illərdən Bakı ilə vahid aqlomerasiya formalaşdırıb. Buna görə də iki şəhərə vahid mobillik zonası (məkanı) kimi baxılmalıdır”, - deyən Ə. Hüseynov qeyd edib ki, hər gün on minlərlə insan iki şəhər arasında mütəmadi gedib-gəlir:
“Bu, onların rutin həyatının axarıdır. Həmin adamlar bu şəhərlərdən birində yaşayıb, o birisində işləyirlər, yaxud təhsil alırlar”.
Onun fikrincə, iki şəhərdə yaşayan insanların gündəlik həyatında mobilliyi təmin etmək üçün 2 çox ciddi amil nəzərə alınmalıdır:
“Gediş-gəlişə sərf edilən vaxt və səyahətin qiyməti (gediş-gəlişə xərclədiyi pul) əlverişli olmalıdır. Bakı-Sumqayıt arasında vağzaldan-vağzala üsulu ilə təşkil edilən qanuni ictimai nəqliyyatdan istifadə zamanı bu amillərin hər ikisinin ən uğursuz variantı ortaya çıxır. Hər iki şəhərin avtovağzalının şəhərlərin kənar hissəsində yerləşməsi sərnişinlər üçün əlavə xərc yaradır, eləcə də əlavə vaxt itkisinə səbəb olur. Sərnişinlər yaşadığı və ya işlədiyi ünvana çatmaq üçün şəhərin daxili nəqliyyatından da istifadə etməli olur, hətta bəzən bir neçə avtobus marşrutu və ya metro stansiyası dəyişdirirlər. Bir neçə marşrutdan istifadə sərnişinlərin səfər müddətini bəzən 2 saata, səfər qiymətini isə 2 manata qədər artırır. Ona görə də Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat təşkil edilməlidir. Sərnişin axınını və infrastrukturu araşdırılmaqla müxtəlif tutumlu avtobuslarla marşrutlar yaradılmalıdır”.
Ə.Hüseynov xatırladıb ki, sovet dövründə və təxminən 15 il bundan əvvələ qədər Sumqayıtın bir neçə yerindən Bakının bir neçə yerinə və əksinə ictimai nəqliyyat fəaliyyət göstərib. O hesab edir ki, bunu daha müasir və mədəni şəkildə bərpa etmək lazımdır:
“İki şəhər arsında qatarla daşımanın da imkanları ciddi yaxşılaşdırılmalıdır. İndiki vəziyyətdə “qanunsuz” hesab edilən taksilər və mikroavtobuslar həmin ictimai nəqliyyatın işini görürlər. Belə yanaşma davam etdikcə onlara tələbat da qalacaq. Onları kimsə “20 Yanvar” stansiyası ətrafından yığışdırsa da, qısa müddətdə başqa bir yerdə, bəlkə də daha eybəcər formada toplaşacaqlar”.
Vasif