Metroda QR biletlə ödənişlər sürətlə artır - RƏQƏMLƏR
Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlər arasında gedişhaqqını QR biletlə ödəyənlərin sayı sürətlə artır.
Sfera.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində metropolitendə QR biletlə ödənişlərin sayı 1 milyon 884 min 845 olduğu halda yalnız iyulda bu ödəmə üsuluna 1 milyon 260 min 699 sərnişin müraciət edib. Beləliklə, 7 ay ərzində istifadəçi sayı 3 milyonu keçərək 3 milyon 145 min 544 olub. Başqa sözlə, il ərzində metropolitendəki QR bilet istifadəçilərinin 40,1 %-i məhz iyul ayında bu xidmətə müraciət edib.
Bu ödəniş üsulu ilə metropolitenə daxil olanların orta statistik gündəlik sayı da iki dəfəyə yaxın artıb. İyun ayında orta statistik hesabla bir gün ərzində 24 min 838 sərnişin QR biletlə metroya daxil olmuşdusa, iyulda bu rəqəm 40 min 668 olub.
QR biletlə ödənişin ən çox edildiyi stansiya “28 May” stansiyasıdır. Burada iyulda 109 min 180 ödəniş həyata keçirilib. “Koroğlu” stansiyasında 99 min 638, “Gənclik”də 93 min 83, “Nərimanov”da 90 min 479 dəfə ödəniş edilib. QR biletlə ən az ödəniş “Memar Əcəmi B” (2 084 ödəniş), “Bakmil” (2 264 ödəniş) və “Xocəsən” (3 298 ödəniş) stansiyalarında həyata keçirilib.
Vasif