Xalq rəssamı Sakit Məmmədovun DOĞUM GÜNÜDÜR

Xalq rəssamı Sakit Məmmədovun DOĞUM GÜNÜDÜR

Bu gün Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür.

 

Sfera.az xəbər verir ki, Sakit Məmmədovun 66 yaşı tamam olur.

 

Sakit Qulam oğlu Məmmədov 5 avqust 1958-ci ildə Neftçala rayonunda dünyaya göz açıb. O,uşaqlıqdan rəssam olmaq istəyib. Bu arzu onu 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, 1981-ci ildə isə İ.E.Repin adına Leninqrad (Sankt-Peterburq) Rəssamlıq Akademiyasına gətirib. O, hər iki məktəbi fərqlənmə ilə bitirib. Sakit Məmmədov da seçdiyi sənətində uğurlar qazanacağına əmin idi. Yaradıcılığının ilk dövründə müxtəlif mövzular üzərində işləyib. Müxtəlif illərdə yaratdığı “Xatirə şəkli”, “Məşq”, “Falabaxanlar”, “Toy”, “Metro”, “13 nömrəli avtobus”, “Həvəskar”, “Emalatxana”, “Xatirə şəkil”, “Leninqrad xatirələri”, “Yaşasın İstanbul”, “Adəm və Həvva” kimi əsərləri onun sənətə böyük yaradıcı potensialla gəldiyini subut edib. Bu əsərlərdə işıq görünürdü. Bu işıq onun sonrakı yaradıcılığında, düyaya açılan yolunda daha da parlayıb.

 

“Oyun”, “Səhnəyə hazırlıq”, “Əbədiyyə doğru”, “Bayram”, “Ad günü”, “Günaydın”, “Mən indi gəlirəm”, “Mən yorulmuşam”, “Yatmış mələk”, “Xatirələr” və s. kimi əsərləri onun yaradıcı dünyasının işığında həyat tapıb.

 

Qadın mövzusu bütün rəssamların yaradıcılığında mühüm xətt təşkil edir. “Alma ağacının altında” (2008), “Qara qız” (2009), “İstirahət” (2010), “Aktrisa” (2012), “Güzgü qarşısında” (2013), “Küsəyən” (2015), “Qulaq asan” (2015) əsərlərində qadın gözəlliyini rənglərin minbir çalarları ilə elə ehtiyatla işləyib ki, orada hər kiçik element gözəlliyə, ülviliyə xidmət edir.

 

Sakit Məmmədov rəngkardır. O, mənzərə janrında daha məharətlə işləyir və yaratdığı tablolarda həyat, hətta olduğundan daha gözəldir. “Altıağac” (2003), “Səhər” (2007), “Çinarlar” (2008), “Neftçala” (2009), “Kəndimiz” (2010), “Moskva” (2010), “Bahar” (2012), “Quba” (2012), “Bazar” (2014) kimi əsərləri nümunə göstərə bilərik. Onun yaradıcılığında portret janrı xüsusi yer tutur. “Aynur” (1988), “Atamın portreti” (1988), “Bağban” (1998), “Roma papasının portreti” (2004), “Nərgiz” (2010), “Turan” (2011), “Lala” (2012), “Rəssam” (2012), “Şahzadə” (2013) və digər portretləri öz orijinal üslubu ilə diqqəti çəkir. Qrafik əsərlərindən “Gənc aktrisa” (2000), “Balerinalar” (2007), “Rəqs” (2011) rəsmlərini qeyd etmək olar.

 

Opalizm akademik rəssam Sakit Məmmədov tərəfindən özülü qoyulmuş bir məktəbdir, üslubdur. Opalizm sözünün etimologiyası opal daşından götürülüb. Qədim yunan dilində "gözqamaşdıran", latın dilində "valehedici görünüş", sanskrit dilində "qiymətli daş" kimi tərcümə edilən bu mineral daş növü özündə birləşdirən rənglərlə yalnız zərgərlik məmulatı kimi deyil, müalicəvi, fövqəladə və ilhamlandırıcı xüsusiyyəti ilə minillərdir ki insanların zövgünü oxşamaqdadır. Opalda mövcud olan isti rəng çələngi Sakit Məmmədovun gənclik illərindən marağına səbəb olub. Daşda olan rəng oyununa onun demək olar, bütün yaradıcılıq nümunələrində rast gəlinir. Rəssamın əsərlərində opalın daha çox nəcib, alovlu yaxud bolder, hidrofan növündəki rəng çalarlarını görmək mümkündür. Opal rəssamın yaratdığı tablolarda yeni forma ilə üzə çıxır.

 

Sakit Məmmədovun yaratdığı Opalizm məktəbi yalnız özü deyil, rəssamın tələbələri tərəfindən də yüksək peşəkarlıqla təqdim olunur. 1987-ci ildən günümüzə qədər Sakit Məmmədovun bir sıra ölkələrdə sərgisi olmuşdur. Azərbaycanda, Türkiyədə, Rusiyada, Belorusiyada, İsveçdə, Ukraynada, Almaniyada, Fransada,Avstriyada, İtaliyada, Belçikada, Misirdə, Çində, Avstraliyada, İngiltərədə, Şotlandiyada, Gürcüstanda, Tatarıstan Respubilkasında, Sinqapurda, Portuqaliyada sərgiləri keçirilib.

 

Sakit Məmmədov UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlar Akademiyasının akademiki, “Minilliyin Adamı”, Avropanın “Şərəf” ordeni, İtaliyanın “Leonardo da Vinçi” ordeni, Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü, Portuqaliya Festivalında “Vera birinciliyi” mükafatı, “Vera” Beynəlxalq mükafatı, Çingiz Aytmatov adına Beynəlxalq mükafat, “Vətən Övladı” və “Dədə Qorqud” Beynəlxalq mükafatları və s. fəxri ad və mükafatlara layiq görülüb.

 

S.Məmmədov rus və türk dillərini bilir. Ailəlidir 3 övladı, 3 nəvəsi var. Övladları Nizar Məmmədov, Cəsar Məmmədov və Aynur Məmmədova da rəssamlıq fəalliyəti ilə məşğuldurlar.

 

O, bu gün də yeni-yeni əsərlər yaradır. Bu əsərlərlə o xalqımızın mənəvi dünyasını daha da zənginləşdirir.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR