İşəgötürənlərin “CV”lərdə axtardıqları 10 ƏN YAXŞI BACARIQ

İşəgötürənlərin “CV”lərdə axtardıqları 10 ƏN YAXŞI BACARIQ

Son araşdırmalara görə, 2022-ci ilin sonuna qədər Şimali Amerikadakı bütün peşəkar işlərin 25%-i uzaqdan reallaşıb. Bu rəqəmin 2023-cü ildə artması gözlənilir. Artıq amerikalıların 58%-i qismən evdən işləyə bildiyi üçün hibrid iş də ön plana çıxıb. Digər tərəfdən, artıq işəgötürənlər müraciətlərə baxdıqları zaman uğur qazanmaq üçün lazım olan bacarıqlara sahib olub-olmadığınızı araşdırırlar. Müraciət edənlər arasında seçildiyinizə əmin olmaq üçün isə namizəd kimi güclü tərəflərinizi tamamlayan CV formatından istifadə etməlisiniz.  

 

Sfera.az 2023-cü ildə işəgötürənlərin “CV”də axtardıqları ən yaxşı 10 bacarıqlarla bağlı araşdırma edib.

 

Həmin məlumatları təqdim edirik:

 

Uyğunlaşmaq – Bu, işəgötürənlərin 2023-cü ildə axtardığı əsas bacarıqlardan biridir. Belə ki, onlar iş yerindəki dəyişikliklərə, məsələn, işlərin görülməsi üçün yeni prosedurlar və ya yeni proqram təminatının qəbulu kimi məsələlərə uyğunlaşa bilən şəxsləri qiymətləndirirlər. Bu baxımdan “CV”nizdə buna uyğun nümunə qeyd edin.

 

Məsələn: Komandaları aktiv və məşğul saxlamaq üçün yeni əməkdaşlıq proqram təminatının şirkət miqyasında tətbiqi həyata keçirildi və  bu, məhsuldarlığın 8% artmasına səbəb oldu.


Kreativlik – Bu bacarıq indi həmişəkindən daha çox qiymətləndirilir. Uyğunlaşmaq kimi kreativlik də sürətlə inkişaf edən iş mühitində uğur qazanmaq üçün faydalı bir bacarıqdır. Çünki bu, yeni innovativ ideyalar və həllər təklif edə biləcəyiniz deməkdir. Yaradıcı işçinin uzaqdan işləmək, dəyişən bazarlar və yeni texnologiyalarla yaranan problemləri həll etmək ehtimalı daha yüksəkdir.

 

İş təcrübənizdə yaradıcılığı vurğulamaq üçün belə bir nümunə qeyd edə bilərsiniz:  İzləyicilərimizin sayını artıran sosial media kampaniyaları üçün ardıcıl olaraq yeni ideyalar təklif etdik.


Əməkdaşlıq - İşəgötürənlər güclü əməkdaşlıq bacarıqlarına malik namizədlər axtarırlar, çünki virtual olaraq birlikdə işləmək daha çətin ola bilər.

 

Nümunə üçün belə qeyd edə bilərsiniz: Davamlı olaraq yüksək keyfiyyətli reklam materialları təqdim etmək üçün müştərilərlə əməkdaşlıq etmək.


Özünü motivasiya etmək - Evdən işləyən zaman nəzarət az olduğuna görə, məhsuldarlıq səviyyəsini qorumaq üçün özünü motivasiya tələb olunur. Bu bacarıq o deməkdir ki, başqalarından müstəqil fəaliyyət göstərərkən fəal ola və dəfələrlə soruşulmadan işi vaxtında yerinə yetirə bilərsən. Bundan əlavə, motivasiyanı bacaran işçilər tez-tez yeni çətinlikləri öhdəsinə götürməyə, öyrənməyə və peşəkar inkişafa səy göstərməyə daha çox can atırlar. “CV”nizdə öz motivasiyanızı nümayiş etdirməyin yollarından biri keçdiyiniz onlayn kursları qeyd etməkdir.  Siz onları təhsil bölmənizdə yerləşdirə və ya xüsusi “Davamlı Təhsil” bölməsi yarada bilərsiniz. 


Problemləri həll etmək - İş mühitində və texnologiyada sürətli dəyişikliklərlə yeni və gözlənilməz problemlər ortaya çıxır. Sahibkarlar isə həll yolları təqdim etməyi bacaran, etibar edə biləcəkləri namizədləri işə götürmək istəyirlər.


Ünsiyyət – Bu bacarıq 2023-cü ildə xüsusilə tələb olunur. İndi yalnız şifahi və e-poçt deyil, müxtəlif sosial media platformaları, “Zoom”, məhsuldarlıq proqramı (Slack kimi) və s. vasitəsilə də effektiv ünsiyyət qurmağı bacarmalıyıq. Bugünkü iş bazarında bu, olduqca zəruridir.


Zamanın idarə olunması - Vaxtın idarə edilməsi bacarıqlarına malik olan namizədlər iş saatlarını planlaşdırmaqda, məhsuldar olmaqda və tapşırıqları yerinə yetirməkdə səmərəli olduqları üçün uğur qazanma ehtimalları daha yüksəkdir.


Rəqəmsal savadlılıq - İş texnologiyadan daha çox asılılaşdıqca rəqəmsal savadlılıq bütün iş axtaranlar üçün getdikcə kritik bir bacarıq növünə çevrilir. İşəgötürənlər sizin bir çox platformada müxtəlif formalarda məlumatları tapmaq, təhlil etmək və çatdırmaq qabiliyyətinizdən əmin olmaq istəyirlər.

 

Məsələn: Sosial media meylləri ilə bağlı gündəlik araşdırmaları təhlil etdik və ümumilikdə 1,2 milyon baxışla viral yazılarımızın sayını artıran strategiya hazırladıq.


Məlumat analitikası – “Google Analytics” və ya “Microsoft Excel” kimi məşhur platformalarda məlumatları təhlil edə bilmək bacarığı tələb olunur.

 

Misal üçün: Satış keyfiyyətini yaxşılaşdırmaq və mənfəət marjasını 23% artırmaq üçün 120.000-dən çox istifadəçi üçün gündəlik istifadəçi məlumatlarını təhlil etdik.


Xüsusi alətlər - Nəhayət, işəgötürənlər 2023-cü ildə sahəyə aid alətlərdən necə istifadə edəcəyini bilən namizədlər axtarırlar. Hansı sənayedə iş axtarmağınızdan asılı olmayaraq, çox güman ki, mənimsəməli olduğunuz yeni texnologiyalar var. Məsələn, “Slack” , “Google classroom”, “Adobe Premiere” və.s.

 

İşəgötürənləri vəzifə üçün düzgün namizəd olduğunuza inandırmaq üçün onlara 2023-cü ildə axtardıqları ən yaxşı bacarıqlara sahib olduğunuzu göstərməlisiniz.

 

Türkan


OXŞAR XƏBƏRLƏR