Dənizdən Qorbaçova meydan oxuyan 7 gəmi kapitanı – 20 Yanvar faciəsinin gizli qəhrəmanları

Dənizdən Qorbaçova meydan oxuyan 7 gəmi kapitanı – 20 Yanvar faciəsinin gizli qəhrəmanları

İctimai Televiziyanın xəbər aparıcısı Nərmin Salmanova 20 yanvar faciəsi zamanı Bakını müdafiə edən dənizçilərlə bağlı paylaşım edib.

 

Sfera.az bildirir ki, aparıcı həmin zaman gəmiçilərimizin dörd gün ərzində SOS siqnalı verdiyini vurğulayıb:

 

“Onlar Azərbaycanın təhlükədə olduğunu dünyaya car çəkiblər. 20 yanvar hadisəsindən sonra kapitanlara xəbər çatıb ki, ölənləri yığıb dənizə tökəcəklər. 7 kapitan yığılıb xəbər yollayıb ki, hansı gəmiylə meyitləri atmağa gətirsələr, tarana gedəcəyik, onu vuracağıq. Qorxmayıblar adamlar, qorxmayıblar... İmperiyanın hərbi gəmilərindən, ordusundan qorxmayıb, geri çəkilməyiblər. Dənizçilərimiz sanki bir proqram ətrafında cəmləşmişdi. Heç kim vətənin müdafiəsindən kənarda qalmırdı. Böyük birlik var idi. Heç kim fikirləşmirdi ki, həbs olunaram, cəzalanaram. Bütün kapitanlar öz heyətləri ilə birləşmişdi. Sonra 47 dənizçi sürgün edildi, kapitanlar həbs olundu”.

 

 

N.Salmanova sözügedən 7 kapitandan da bəhs edib:

 

“Kim idi onlar?  Müzəffər Əliyev, Mövlud Əliyev, Kərəm Məmmədov, Kişi Mütəllimov, Ağalar İbrahimov, İbrahim Salayev, Murad Əliyev.  20 Yanvarfaciəsinin səhəri Xəzər Dəniz Neft Donanmasının gəmiləri sahilə yan aldı. Koordinasiya (dispetçer) mərkəzi sıradan çıxmışdı. Dənizçilər “Sabit Orucov” gəmisinə toplaşdılar. Yığıncaqda 7 kapitandan ibarət koordinasiya şurası yaradıldı. Gəmilər arasında əlaqə qurulur və 120 gəmi Bakı buxtasına daxil olur. Kapitanlar Qorbaçova rəsmi ultimatum göndərir.

 

“Ordunu Bakıdan çıxardın, əks halda,  gəmiləri yandırıb neft buruqlarına çırpacağıq”.

 

Gəmilər sovet hərbi-dəniz donanmasının dənizə çıxmaq üçün istifadə etdiyi yeganə sualtı kanalının qarşısını kəsirlər. Yanvarın 21-də Sovet ordusunun hərbçiləri “Çeleken-1” gəmisini atəşə tuturlar. Amma kapitanlar ultimatumu geri götürmür, “İsrafil Hüseynov”(indiki) gəmisi sovet hərbi-gəmilərinin qarşısını alır.

 

Yanvarın 23-də Elmira Qafarova və general Yazov kapitan Müzəffər Əliyevlə görüşür. Elmira xanım o görüşdə ağlayır və SOS siqnalını dayandırmaq haqda heç nə demir. Kapitanlar ultimatumu geri çəkmirlər və Sovet ordusunun şəhərdən çıxmağını israrla tələb edirlər. Yanvarın 24-də polkovnik Lebedin əsgərləri 7 kapitanın gəmisinə silahlı basqın edir. Lebed və onun əsgərləri dəniz vağzalının qarşısında şou sərgiləyirlər: bir yığın silahı və bir neçə gün öncə öldürülmüş əsgər cənazəsini jurnalistlərə göstərməklə kapitanları “ekstremist” kimi tanıtmağa çalışırlar. Sonra isə onları separatçı, dəniz qulduru adı ilə tuturlar”.

 

 

Qeyd edək ki, hadisədən sonra “ekstremist” damğası ilə həbs edilən 50-yə yaxın dənizçi ittifaqın müxtəlif şəhərlərindəki həbsxanalarında işgəncələrə məruz qaldı. Dənizçilər bir müddət sonra azadlığa buraxılaraq vətənə qayıtdılar.

 

Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ-nin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq, kütləvi şəkildə qətlə yetirilib. Faciə nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri olub.

 

Türkan


OXŞAR XƏBƏRLƏR