Azərbaycan hərbçiləri Qafan - Gorus yolunu niyə bağlayıb? – Vacib açıqlama
Ermənistan mətbuatında yayılan məlumata görə, Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayaraq bildrib ki, avqustun 25-də, saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yayılan məlumatda yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlərin davam etdirildiyi bildirilib.
Maraqlıdır, Qafan-Gorus yolu hansı səbəblə bağlana bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan hərbi ekspert Ramil Məmmədli Azərbaycan əsgərlərinin üçtərəfli bəyanatdan irəli gələn müddəaları yerinə yetirdiyini bildirib:
"Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatdan sonra Ermənistan öhdəlik götürdü ki, Azərbaycanın işğalda olan ərazilərini geri qaytaracaq və Zəngəzur istiqamətində nəqliyyat infrastrukturunun qurulması üçün maneə yaratmayacaq. Lakin keçən müddət ərzində Ermənistan bu öhdəliyi icra etməyib. Buna baxmayaraq, Azərbaycan artıq bu istiqamətdə müəyyən işlər həyata keçirməyə başlayıb. Belə olan halda Azərbaycan tərəfini bu şəkildə ittiham etmək təxribat xarakteri daşıyır. Azərbaycan Ermənistanın mülki vətəndaşlarına təzyiq məqsədi ilə hansısa tədbirin həyata keçirilməsində maraqlı deyil. Ermənistan rəhbərliyi öz xalqına izah etməlidir ki, sözügedən ərazidə hansı işlər gedir və hansı məhdudiyyətlər tətbiq oluna bilər".
Ekspert Ermənistan tərəfindən məlumatın bu şəkildə yayıılmasında məqsədin Azərbaycana beynəlxalq ictimaiyyətin təzyiqini təşkil etmək olduğunu düşünür:"Bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmaq Ermənistandakı bəzi qüvvələrin təxribat cəhdinə hesablanıb. Görülən işlər barədə bu şəkildə məlumat yaymaq informasiya təxribatı kimi beynəlxalq təşkilatların diqqətini çəkməyə, onları Azərbaycana qarşı qoymağa yönəlib".
Əzizə Zeynal
Sfera.az





