Dövlət Agentliyinin rəhbəri də AZAL-a etiraz etdi – “Növbədə XİN var...”
"Əvvəllər AZAL-da qiymətlərin endirilməsilə bağlı narazılıqları və müraciətləri adətən sərnişinlər, vətəndaşlar və ekspertlər edirdi. İndi situasiya "müsbət" istiqamətdə bir xeyli dəyişib".
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. O. Gündüz artıq dövlət rəsmilərinin də AZAL-dan narazı olduğunu qeyd edib:
"AZAL-ın idarəetməsinin Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilməsindən sonra dəyişiklik ondan ibarətdir ki, bu tip müraciətləri dövlət qurumları, rəsmi şəxslər edirlər. Ötən gün Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev aviabiletlərin qiymətlərinin endirilməsi və rəqabətli mühitin inkişafı üçün aşağıbüdcəli aviaşirkətlərin ölkəyə dəvət edilməsi ilə bağlı AZAL rəhbərliyinə müraciət edib.
Fuad müəllim haqlı olaraq ASAN Visa sisteminin, yüksək servisli və ucuz hotellərin, görməli və istirahət etməli yerlərin, inkişaf etmiş infrastrukturun turizm üçün yetərli olmadığını diqqətə çatdırıb. Aidiyyati dövlət qurumunun rəhbərinin belə bir müraciəti əslində aydın səmada göy gurultusu effekti yaratmalıdır. Amma hələlik reaksiyalar yoxdur".
Ekspert xaricə uçuş biletlərinin baha olduğunu bildirərək, növbəti etirazın XİN tərəfindən də ola biləcəyini vurğulayıb:
"Pandemiya səbəbindən vətəndaşlar xaricə daha ucuz uçuşlar üçün Kutaisi və Tbilisiyə də gedə bilmirlər. Görünür ki, AZAL da vətəndaşlarımızın nəinki aşağıbüdcəli aviaşirkətlərə əlçatanlığının olmaması, həmçinin ənənəvi Gürcüstandan uçuş üçün seçim imkanlarının olmadığının fərqindədir. Odur ki, qiymətlər də od tutub yanır.
Əgər hökumət bundan sonra da tədbir görməyəcəksə, onda gərək biz növbəti mərhələdə, biletlərin baha olması səbəbindən xarici rəsmi qonaqların ölkəyə gələ bilməməsi ilə bağlı Prezident Administrasiyası və ya XİN-nin də oxşar müraciətlərini eşitməyə hazır olaq".
Əzizə Zeynal
Sfera.az






