Sosial sığorta olmadan çalışanlar sırasında lider ölkə - Azərbaycan
"Sosial sığorta sahəsinə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi zamanında prosesdə maraqlı olmayıb, qarşılarına qoyulan öhdəlikləri yerinə yetirməyiblər”
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda sosial sığorta olmadan çalışanların sayının hələ də kifayət qədər çox olmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:
"Azərbaycanda prosesin belə olmasına kifayət qədər fərqli faktorlar təsir göstərib. Ölkə iqtisadiyyatının və əmək bazarının leqallaşdırılması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər effektiv olmayıb. Həmçinin bəzi dövlət qurumları da prosesə ciddi maraq göstərməyib. Bunun da nəticəsində əmək bazarında gizli məşğulluğun dairəsi kifayət qədər genişdir. Oliqarx iqtisadi modelin qanunauyğunluqları, inhisarçılıq burada öz sözünü deyib. Həmçinin, ölkəmizdə sosial sığorta mexanizminin özü qeyri-effektivdir. Pensiya sisteminin təkmil olmaması da burada öz sözünü deyir. Məhz bu amil əmək bazarı iştirakçısının prosesdə marağını zəiflədir. Nəzarətedici mexanizmlərin zəifliyi də bu bazarda vətəndaşın hüquqlarını qorumaq imkanlarını məhdudlaşdırır. Ona görə lazımdır ki, vətəndaşın özü də sosial sığortaya cəlb edilmək prosesində maraqlı olsun. Pensiya yaşının 65 yaşına qədər artırılması da prosesi təşviq etməyən məqamlardandır. Yalnız mövcud çatışmamazlıqların kompleks şəkildə aradan qaldırılması, əmək bazarının leqallaşdırılması, vətəndaşların sosial müdafiə mexanizminə çıxış imkanının gücləndirilməsi kimi hədəflər istiqamətində effektiv siyasət həyata keçirilərsə, yaxın 5 ildə sosial sığorta qeydiyyatında olan işçilərin sayında kəskin artım müşahidə edə bilərik. Zamanında bu sahəyə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyivə Vergilər Nazirliyi prosesdə maraqlı olmayıb, qarşılarına qoyulan öhdəlikləri yerinə yetirməyiblər. Bu qurumlar kifayət qədər korrupsiyalaşmış qurumlardır. Nəticədə həmin qurumların fəaliyyəti uzun müddət nöqsanlı oldu. İndi isə həmin qurumların davranışında müəyyən irəliləyişlər gözə çarpır”.
Qeyd edək ki, Azərbaycanda sosial sığorta olmadan çalışanların sayı kifayət qədər çoxdur. Rəsmi statistikaya görə, Azərbaycanda 15 il əvvəl də, 2018-ci ilin sonunda da məşğul əhalinin 65 faizi sosial sığorta olmadan çalışmaqda davam edir. Halbuki qonşu ölkələrdə həmin 15 il ərzində bu istiqamətdə müsbət dəyişikliklər olub. Belə ki, Türkiyədə sosial sığorta olmadan çalışanların sayı son 15 ildə 60-dan 33 faizə, Gürcüstanda isə 65-dən 50 faizə düşüb.
Elçin






