Bahalı həyat yaşayan məşhurlara REAKSİYA: Kim 500 minlik maşın arzuladı?
Son zamanlar mətbuatda məşhurların, xüsusilə də müğənnilərin və onların övladlarının lüks həyat tərzi haqqında məlumatlar yer alır. Onların bahalı avtomobil kolleksiyaları olduğu deyilir. Bəs görəsən, bütün məşhurlarımız bu cür bolluq içində yaşayırmı?
Sfera.az bununla bağlı sənətçilərimizin fikirlərini öyrənib:
Müğənni Baloğlan Əşrəfov:
"Hər bir insan öz nəfsinə qulluq etməlidir və dünya görüşünə uyğun yaşamalıdır. Mənim övladlarımın heç zaman xoşuna gəlmir ki, mən onlar haqqında efirdə danışım. Övladlarım da, mən də öz həyatımızı yaşayırıq. Mənim övladlarım ölkənin bütün qayda-qanunlarına əməl edirlər. Hətta, maşın sürəndə mən xətaya yol versəm, o zaman onlar mənə irad tuturlar. Lakin, elə övladlar var ki, valideynlərinin vəzifəsindən istifadə edərək min hoqqadan çıxırlar. Amma mənim övladlarım mən maşını bərk sürən kimi mənə deyirlər ki, belə olmaz. Mənim evlərim, bahalı maşınlarım olsaydı, bu haqda məlumat mediada yayılardı. Kənddə atam evi var. Yayda orada dincəlirəm. Övladlarımın ayrıca evi var. Mən halal zəhmətimlə dolanan adamam. Bizim böyük sənətkarlarımız necə abır-həya ilə yaşayıbsa, mən də, elə yaşayıram. Mən özümü heç vaxt başqaları kimi gözə soxa bilmərəm. İstəyirəm ki, xalqımızın vəziyyəti günü-gündən yaxşılaşsın və normal həyat sürsünlər.
Müğənni Nura Suri:
"Mövzu mənə aid deyil. Mənə aid olmayan mövzu ilə bağlı açıqlama vermək istəmirəm".
Müğənni Təranə Qumral:
"Hər kəsin qazandığı pul özünə məxsusdur. Kiminsə bunu sorğulaması düzgün deyil.Bizim özümüzün bir maşınımız, bir evimiz və bir bağımız var. Allah hamının istədiyi həyatı ona versin".
"Bu şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov:
"İmkan varsa, oğurluq və ya rüşvətlə alınmırsa,halal xoşu olsun. Bahalı maşınlar,evlər bizim şəhərimizə gözəllik verir. Xarici turistlər də şəhərimizə gələndə buna baxıb həsəd aparırlar. Necə ki, biz xarici ölkələrə gedəndə həsəd aparırıq. Əgər bunlar olmasa şəhərimiz çox eybəcər görünər. İmkanım olsa mən də, 500 minlik maşın alaram. Şükür olsun ki, mənim də, xarici maşınım var".
"Planet Parni İz Baku KVN" teatrının bədii rəhbəri Tahir İmanov:
"Mən şəxsi həyatım və ya məvacibimlə bağlı KİV-də yer almaq istəmərəm. Yalnız sənətimlə gündəmdə qalmaq istəyirəm".
Əməkdar artist Cavanşir Məmmədov:
"Sənət adamının hər şeyi olmalıdır. Məşhur olmaqla sənətkar olmaq ayrı-ayrı anlayışlardır. Elə o məşhur olan adamlara sual vermək lazımdır ki, bu pulları necə qazandınız? O bahalı maşınları, evləri necə əldə etdinız? Mənim xidmətlərim çox olub və dövlət də bununla bağlı mənə fəxri ad verib. Respublikanın əməkdar artistiyəm, 45 ildir sənətdəyəm. Mən 1983-cü ildə Avropaya gedib festivalda iştirak edəndə o məşhurların heç birinin bundan xəbəri belə yox idi. Həyatımdan şikayətim yoxdur. Bir sənətkar olaraq fəaliyyətimi davam etdirirəm".
Şükufə Süleymanlı
Sfera.az






