Azərbaycanda devalvasiya olacağı barədə yayılan xəbərlərə YAP-dan REAKSİYA
"Azərbaycanda prezident seçkilərindən sonra manatın devalvasiyaya uğrayacağı ilə bağlı şayələri yayanlar reallıqdan uzaq, iqtisadi proseslərdən başı çıxmayan və cəmiyyətdə gərginlik yaratmaq istəyən adamlardır”.
Bu sözləri Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
Aydın Hüseynov hazırda Azərbaycanda devalvasiyanın baş verməsinə heç bir iqtisadi səbəblərin olmadığını söyləyib:
"Devalvasiyanın yaradan əssas səbəblər var. Bunlara misal olaraq dünyada neftin qiymətinin kəskin aşağı düşməsini, ölkənin valyuta ehtiyyatlarının azalmasını, ticarət dövriyyəsindəki müsbət saldonun azalmasını və sairə amilləri göstərmək olar. Ancaq indi dünyada neftin qiyməti getdikcə artır. Hazırda neftin bir barelinin qiyməti 70 dollar civarındadır”.
Deputat qeyd edib ki, Azərbaycanın valyuta ehtiyyatları əvvəlki illərlə müqayisədə 4 milyard və ixrac potensialı isə dəfələrlə artıb:
"Hazırda Azərbaycanın xarici ticarət dövriyyəsi müsbət saldo təşkil edir. Biz görürük ki, Azərbaycanda valyuta məzənnəsini müəyyən edən bu iqtisadi kateqoriyalar tamamilə müsbət istiqamətdə inkişaf edir. Belə olan halda da manatın məzənnəsinin kəskin aşağı düşəcəyi ümumiyyətlə, gözlənilmir. Digər tərəfdən isə Azərbaycanda aparılan siyasət heç zaman hər hansı tədbirlərə hesablanmayıb. Azərbaycanda aparılan iqtisadi strategiya Azərbaycan vətəndaşlarının maraqlarına uyğun olaraq müstəqil həyata keçirilir. Burada da yalnız iqtisadi faktorlara əsaslanır”.
Orxan Bəşirov






