Rusiya niyə ilk öncə Çernobılı ələ keçirdi? - "Bu, bütün Avropa üçün müharibə elanıdır”
Sfera.az bildirir ki, Rusiya hərbçilərinin Ukraynanın paytaxtı Kiyevdən 110 kilometr uzaqlıqda olan Çernobıl Atom Elektrik Stansiyasının ərazisini nəzarətə götürməsi müzakirə obyektinə çevrilib.
Digər tərəfdən, sözügedən ölkə bölgəyə paraşütçü bölmələrinin endiriləcəyini açıqlayıb. Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb və qeyd edilən addımın ərazini qorumaq üçün atılacağını bildirib. "Çernobılda radiasiya səviyyəsi normaldır", deyə məlumatda əks olunub.
Ukrayna prezidenti Vladimir Zelenski isə axşam saatlarında Rusiya qüvvələrinin Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə cəhd etdiyini açıqlamışdı. O, 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün stansiyanın mühafizəçilərinin canlarından keçdiyini bildirərək, "Rusiya işğalçı qüvvələri Çernobıl elektrik stansiyasını ələ keçirməyə çalışır. Bu, bütün Avropa üçün müharibə elanıdır”, - deyə vurğulamışdı.
Ukrayna Prezident Aparatının rəhbərinin müavini Mixail Podolyak elektrik stansiyasının təhlükəsizliyinə görə narahatlığını ifadə edərək, bunun Avropa üçün ən böyük təhdidlərdən biri olduğunu söyləmişdi.
Qeyd edək ki, Çernobıl AES dörd reaktordan ibarətdir və sonuncu reaktor 15 dekabr 2000-ci ildə bağlanıb, lakin reaktorun tamamilə bağlanması və nüvə sızıntılarının aradan qaldırılması üçün araşdırmalar davam edir.
Günay Rəsulqızı
Sfera.az






