Ukrayna niyə tək qaldı? - "Putinin hədələri öz işini görüb"
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O, nizamnamənin buna imkan vermədiyini xatırladıb:
"Amma bunu elə pafosla bəyan edirlər ki, sanki Ukraynanın NATO üzvü olmaması onların işinə yarayıb. Əks təqdirdə, Rusiya ilə müharibəyə girmək məcburiyyətində qalacaq, yaxud elə o zaman da müxtəlif bəhanə gətirərək Ukrayna tərəfində Rusiya ilə müharibəyə girməkdən boyun qaçıracaqdılar. Eynilə Türkiyə ilə münasibətdə olduğu kimi. Onlar Türkiyənin terrorizmə qarşı apardığı müharibə və Suriyadakı əməliyyatları zamanı hər vasitə ilə ona yardım etməkdən boyun qaçırdılar”.
Müsahibimiz bildirib ki, NATO və G7 ölkələri həqiqi mənada Ukraynaya yardım etmək istəsəydilər, bunun yolunu çoxdan tapardılar:
"Onlar indi Ukraynanın ciddi ehtiyac duyduğu ağır müdafiə və hücum silahları ilə Ukrayna ordusunu təchiz edərdilər, "Javelin" silahları ilə kifayətlənməzdilər. Yaxud Ukraynanın yardım üçün müraciətinə BMT vasitəsi ilə sanksiya alardılar. Deməli, Rusiya-Ukrayna qarşıdurmasında dünyanın aparıcı dövlətlərinin maraqları heç də Ukraynanı müdaxilədən və dağılmaqdan qorumaq deyil. Onlar özlərinin mənafeyinə xidmət edən daha ciddi məsələlər haqqında düşünürlər.
Ya da Rusiya ilə müharibəyə girməkdən sadəcə qorxurlar. Putinin hədələri öz işini görüb. Belədirsə, Rusiya Ukraynadan dərhal sonra Polşa, Rumıniya, Çexiya, Boqarıstan və Almaniyanı diz üstünə oturtmağa qalxarsa, nə olacaq? Təəssüf ki, Vladimir Zelenski əsl həqiqəti müdaxilə başlayandan sonra başa düşüb və Rusiya ilə qarşıdurmada tək qaldıqlarını dünyaya car çəkir. Eynən 2008-ci ildəki Gürcüstan Prezidenti Saakaşvili kimi”.
Günay Rəsulqızı
Sfera.az






