"Bu, Rusiyaya mesaj idi, Bakı və Ankara demək istəyirdi ki..." - AÇIQLAMA
Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, Ərdoğanın İrəvanla diplomatik münasibətlərin bərpası barədə Əliyevə müəyyən məlumatlar verməsi mümkündür:
"Həmçinin regional əməkdaşlıq, Ermənistanla kommunikasiyaların açılmasına dair fikir mübadiləsinin aparılması da istisna deyil. Prezidentlərin müzakirə etdiyi ikinci məsələ, Ukrayna ilə Rusiya arasındakı gərginlik olub. Məlum olduğu kimi, Ankara Moskvanın Donetsk və Luqanskı tanınmasının qəbuledilməz olduğunu demişdi. Rəsmi Bakı isə, hələlik bu barədə mövqeyini bildirməyib, neytrallığını qorumağa davam edir. Ancaq hər iki dövlət Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Çox güman, yaxın günlərdə, bəlkə də, bu gün Bakı məsələyə rəsmi münasibət bildirəcək. Ola bilsin, sözügedən mövzu ilə bağlı dövlət başçıları arasında müəyyən məsləhətləşmələr aparılıb. Ərdoğan Əliyevin tərəddüdünü anlayır. Çünki ortada Qarabağ məsələsi var”.
Müsahibimiz qeyd edib ki, Ukrayna və Qarabağla bağlı atılan addımlar artıq bir-birindən asılıdır və biri digərinə təsir imkanına malikdir:
"Bu nöqteyi-nəzərdən Ukrayna məsələsində daha qətiyyətli olmaq, Kremli geri çəkilməyə məcbur etmək üçün onun Cənubi Qafqaza təsir imkanını minimuma endirmək, ehtimal olunan təhdidlər üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Böyük ehtimalla Əliyev və Ərdoğan bu barədə də danışıblar. Digər tərəfdən çox güman, Azərbaycan Prezidenti Moskva səfəri və Putinlə imzalanan "Strateji tərəfdaşlıq" haqqında sənəd barədə həmkarını məlumatlandırıb.
Rəsmi məlumatda diqqətçəkən daha bir məqam isə, Azərbaycan və Türkiyənin koordinasiyalı addım atması barədə razılığa gəlmələridir. Bu, həm də Rusiyaya mesaj idi. Bakı və Ankara demək istəyirdi ki, Moskva ilə imzalanmış saziş heç də "Şuşa Bəyannaməsi"ndən daha çox əhəmiyyətli deyil”.
Günay Rəsulqızı
Sfera.az






