“Azərbaycan yenidən antiterror əməliyyatlara başlayacaq və...” - Ekspert
Ermənistan tərəfi son zamanlar sərhədboyu ərazilərdə müxtəlif təxribatlara əl atır. Bunu da Qarabağda olan separatçı qüvvələrlə əlaqələndirirlər.
Maraqlıdır, təxribatları sonlandırmaq üçün antiterror əməliyyatlarına başlaya bilərikmi? Bunun nəticəsi necə ola bilər?
Məsələ ilə bağlı Sfera.az-a danışan hərbi ekpsert İbrahim Rüstəmli Azərbaycanın tezliklə antiterror əməliyyatlarına başlaya biləcəyini deyib:
"Prezident İlhm Əliyev dəfələrlə çıxışnda bildirib ki, dəmir yumruq hər zaman işə düşə bilər. Ermənistanı Azərbaycana qarşı qıcıqlandıran və münasibətlərin normallaşmasına maneə törədən qüvvələr var. Bunların içərisində fransalılar, erməni lobbisi, bizə yaxın olan bəzi ölkələrin adını çəkmək olar. Bütün bunlar vəziyyəti gərginləşdirməyə xidmət edir. Müharibə hələ bitməyib, qələbə təhlükəli olur. Bizim də qələbimiz təhlükəli olduğu üçün sıx birləşməliyik, daha aydın hədəflər haqqında düşünməliyik. Bu baxımdan bizim strateji və taktiki baxımdan planlarımız olmalıdır”.
Ekspert revanşist qüvvələrin təklənməli olduğunu da deyib:
"Ermənilərin Azərbaycana qarşı təxribatları davam edərsə, Ermənistana qarşı ciddi addımlar atılacaq. Azərbaycan dünya birliyinin dəstəyi ilə qələbəyə imza atıb, yəni bu haqq beynəlxalq hüquq tərəfindən də qorunur. Ona görə də istənilən halda təxribatların davamlı olması ermənilərin əleyhinə işləyəcək. Revanşist qüvvələri, separatçıları təkləməliyik və yalnız olduqlarını hiss etməlidirlər. Onlar hiss etsələr ki, arxalarında heç kim yoxdur və Azərbaycanın gücü qarşısında acizdirlər, o zaman təxribatlar səngiyəcək. Azərbaycan yenidən antiterror əməliyyatlara başlayacaq və konstitusion haqlarını bərpa edəcək”.
Əzizə Zeynal





