"Qərb Ukraynadan bataqlıq yaradıb Rusiyanı orada batırmağa çalışacaq" - ŞƏRH
Sfera.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahib Alıyev qeyd edib ki, Rusiya çeşidli bəhanələr gətirərək indi dediyinin əksinə hərəkət edə bilər:
"Türkiyə də hazırda Rusiyanın Ukraynayla savaşmayacağını bildirir. Eyni zamanda prezident Zelenski də ölkəsinin kəşfiyyat strukturlarının Rusiyanın yaxın vaxtlarda belə bir addım atacağını təsqiləmədiyini vurğulayır. Bu isə o deməkdir ki, savaş artıq başlayıb. Ancaq bu savaş diplomatiya və informasiya savaşıdır, özü də Sergey Lavrovun təbirincə desək, "ingilis-saksonlar”la Rusiya arasında gedir. Ukraynayla sərhəddə 100 minlik qoşun toplayan Rusiyanın irəli getməsi olduqca təhlükəlidir, çünki Qərb onun tez bir zamanda qələbə çalmasına heç cür imkan verməyəcək. Ukraynadan bataqlıq yaradıb Rusiyanı orada batırmağa çalışacaq və iki slavyan xalqı arasında ədavət indikindən də qat-qat kəskin olacaq. Geri çəkilmək isə Rusiya və özəlliklə də prezident Putin üçün böyük imic itkisi deməkdir”.
Millət vəkili bildirib ki, Rusiya Ukraynaya qarşı savaşa başlamayacağı təqdirdə, qazanan yenə Qərb olur:
"Çünki onda da deyiləcək ki, Qərbin basqısına tab gətirməyərək geri çəkildi. Hər halda Baydenin Putinlə görüşü, ona ardıcıl zənglər etməsi, Blinkenin Lavrovla danışıqları, Böyük Britaniyanın xarici və müdafiə nazirlərinin Moskvaya səfərləri, Fransa Prezidenti Makronun elə də böyük önəm verilməyən cəhdləri bunun üçündür - Rusiya geriyə addım atacağı təqdirdə, bunu öz xidmətləri kimi təqdim etsinlər.
Rusiyanın geriyə addım atması isə onun bir dövlət kimi imicinə zərbə vurmaqla yanaşı ölkədə narazılıqların artmasına və ən əsası da elitadaxili açıq çəkişmələrə aparıb çıxara bilər. Fikrimcə, geri çəkilmiş kimi görünməmək, sifətini qorumaq üçün indiki mərhələdə Rusiya "DNR", "LNR" adlandırılan separatçı qurumların müstəqilliklərini tanımağa üstünlük verəcək. Bənzər təcrübə artıq var və Dumada onunla bağlı bəzi hazırlıqların görüldüyü də sezilməkdədir”.
Günay Rəsulqızı
Sfera.az






