Evlərdəki səssiz qatil: Dəm qazından qorunmağın yolları
Ötən gün Gəncədə tələbə qızlar dəm qazından zəhərləniblər. Bu istiqamətdə kifayət qədər təbliğat aparılsa da, təəssüf ki, hər il payız-qış aylarında dəm qazından boğulma halları qeydə alınır.
Bununla bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, "ceyran peçi”, "pitiminutka”, "qaz çəni” deyilən qaz sobalarından uzaq durmaq lazımdır. Müsahibimizin sözlərinə görə, dəm qazının qurbanına çevrilməmək üçün ilk növbədə evdə olan qaz cihazlarına kənar müdaxilə etməməliyik:
"Standartlara uyğun olmayan qaz cihazlarını yaxud ehtiyat hissələrini almaq , kustar üsulla hazırlanan qaz cihazlarından istifadə etmək, qeyri-metal borular ilə evə qaz xətti çəkmək və tüstü bacalarının vaxtında təmizlənməməsi dəm qazını yaradan əsas amillərdir. İnsanlar adətən kustar üsulla hazırlanan, mənşəyi, istehsalçı firmanın adı, uyğunluq sertifikatı belə olmayan qaz cihazlarını alıb evdə istifadə edirlər. Bu, potensial təhlükə riskidir. Dəm qazı iysiz, dadsız və rəngsizdir, havadan yüngüldür. Ona görə onu hiss etmək olmur. Onun təsiri baş gicəllənməsi, baş ağrısı, ürək bulanma, qusma və halsızlıq kimi müşahidə olunur. Dəm qazını yaradan səbəb isə yanma prosesinin düzgün getməməsidir. Yanma düzgün gedərsə, ayrılan qaz karbon 2 oksidə çevrilərək xaric olur”.
Ekspert bildirib ki, tüstü bacaları ildə iki dəfə təmizlənməli, tüstü borularında yamaq, kəsik – deşik olmamalıdır:
"Tüstü boruları zədəli olarsa, dəm qazının yaranması qaçılmaz olar. Bilirsiniz, zəhərlənmə halları əsasən evdə baş verir - hamam otaqlarında – bu hal, demək olar ki, 95 faizdən çoxdur. Bunun əsas səbəbi isə hamam otaqlarının standartlara uyğun olmamasıdır. Normalda bu otaqlar 7 kvadrat metr olmalıdır. Ancaq 2-3 kvadrat metr olan hamam otaqları da var ki, orada kustar üsulla hazırlanan sobalar qoyulur. Digər tərəfdən, dəm qazı olan hava ilə insan tənəffüs etdikdə 7 dəqiqədən sonra ölüm təhlükəsi ehtimalı var. Otaqda 0.1 faiz dəm qazı belə bəsdir ki, insanın ölümünə səbəb olsun. Hamam otağının qapısının aşağı hissəsində xırda dəliklər olmalıdır. Bu, içəridə hava ventilyasiyası üçündür. O cümlədən nəfəslik daim açıq olmalıdır”.
E.Nurəliyev, həmçinin əlavə edib ki, dəm qazı ilə zəhərlənmə hallarında həmin insanı təmiz havaya çıxartmaq, əynindəki paltarın yaxasını açmaq, yarıoturaq vəziyyətdə alnına soyuq kompres qoymaq və ehtiyac olarsa, süni nəfəs vermək lazımdır:
"Əgər huşu özündədirsə, isti çay, yaxud limonlu çay da verməklə təcili tibbi yardım çağırmaq lazımdır. Havaların soyuması ilə əlaqədar olaraq insanlar evlərində qapı-pəncərələri, hamam otaqlarında nəfəslikləri bağlı saxlayırlar. Ancaq bilmək vacibdir ki, gün ərzində üç dəfə beş dəqiqəlik də olsa, evin havası dəyişilməlidir. Mətbəxt otağının nəfəsliyi , ventiliyasiyası olmalıdır. Həmçinin qaz cihazını yandıran zaman evdə qaz qoxusunun olub-olmamasına əmin olmaqlıyıq. Bizdə bir adət halı da var - çöldən evə girən kimi dərhal işığı yandırırıq, ancaq bu təhlükəlidir. Siz evdə olmayanda qaz sızması ola bilər və işığı yandırdığınız zaman partlayış baş verər. Bu baxımdan çöldən içəri girəndə evdə qaz qoxusunun olmamasına əmin olduqdan sonra işığı yandırmaq lazımdır. Əgər qaz qoxusu gələrsə, onda qapı-pəncərəni açmaq, evin havasını dəyişmək, elektrik cihazlarından istifadə etməmək və aidiyyatı üzrə müvafiq qruma məlumat vermək lazımdır”.
Günay Rəsulqızı
Sfera.az






