“Pilot şəhər kimi Gəncənin seçilməsi ümidvericidir” – Bələdiyyələrin səlahiyyəti artırılır?
Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv olunacaq. Bu rayonların ərazisində Nizami və Kəpəz bələdiyyəsi fəaliyyət göstərəcək. Mövzu ictimai müzakirələrə səbəb olub və bundan sonra bələdiyyələrin statusunun artırılması ilə bağlı məsələ yenidən gündəmə gəlib. Eyni zamanda Gəncədə olduğu kimi digər bölgələrdə də bu prosesin təkrarlana biləcəyi ehtimal olunur.
Məsələ ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli Gəncənin pilot şəhər kimi seçilməsinin ümidverici olduğunu deyib:
"Böyük şəhər bələdiyyələrinin qurulması və mer seçkilərinin keçirilməsi haqqında çox danışmışıq. Bu istiqamətdə təşkilatımız tərəfindən 2018-2019-cu illərdə 42 minə yaxın imza da toplanılıb, parlamentə təhvil verilib. Gəncədə yeni bələdiyyələrin yaradılması ilk baxışdan ümidverici hadisədir və pilot şəhər kimi Gəncənnin seçilməsi mühüm məsələdir. Belə ki, Gəncə cümhuriyyətin də ilk paytaxtı, ölkənin ikinci böyük şəhəridir. Ola bilər ki, pilot bölgə kimi Gəncədə böyüş şəhər bələdiyyəsiin yaradılması ilə bağlı qərar qəbul olunub. Əgər belə olarsa, növbəti addım kimi "bələdiyyə statusu haqqında qanun”a da dəyişikliklər edilməlidir. Bələdiyyələrin statuslarının artırılması yolu ilə seçilmişlərin təyin edilmişlərdən daha çox səlahiyyətə malik olması prinsipi həyata keçirilməlidir”.
Ekspert bələdiyyələtin statusunun artmasından sonra yerli icra hakimiyyəti orqanlarının ləğv edilməli olduğunu da bildirib:
"Düşünürəm ki, bundan sonra da yerli icra hakimiyyəti strukturları tamamilə ləğv edilməli, yaxud ilkin mərhələdə səlahiyyətlərinin azaldılması məsələsi gündəmə gətirilməlidir. Əsas səlahiyyətlər yerli özünüidarəetmə inistutları olaraq bələdiyyələrə həvalə olunmalı və onlara vətəndaşlar tərəfindən nəzarətin gücləndirilməsi də bələdiyyələrin yenidən dizaynında mühüm rol oynayacaq. Belə ki, vətəndaşın hər gün təmasda olduğu hakimiyyət orqanı bələdiyyələrdir. Ciddi səlahiyyəti olan, vətəndaşlara nəzarət etmə mexanizmləri verən yeni qanunvericilik dəyişiklikləri bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılmasına və onların vətəndaşlara xidmət etməsində mühüm rol oynaya bilər”.Əzizə Zeynal






