“Bəzi analar sanki yarışa girib ki, qızımı tez ərə verim…” - Psixoloq
"Azərbaycanın bəzi regionlarında analar qızlarını tez evləndirmək üçün sanki yarışa girib. Belə analar qızını daha tez evləndirməyi özləri üçün uğur sayırlar".
Bunu Sfera.az-a açıqlamasında psixoloq Gülnar Orucova son günlər ölkədə erkən nikahların və uşaq yaşda ana olan qızların sayında müşahidə edilən artım haqda danışarkən deyib.
O bildirib ki, qızların erkən nikaha məcbur edilməsi halları daha çox regionlarda müşahidə edilir:
"Bəzi regionlarda qızların erkən nikaha məcbur edilməsi adət-ənənə halını alıb. Bu halların son zamanlar artmasında birbaşa valideyn məsuliyyətsizliyi də rol oynayır. Valideynlər övladlarını məcburi şəkildə evləndirirlər. Ümumiyyətlə, ana ilə övladı arasında yaş fərqi 18-dən çox olmalıdır. Bu ilk növbədə ananın özü üçün vacibdir. Belə ki, əgər bu yaş həddi 18-dən aşağıdırsa qadının öz gəncliyini yaşamadığı mənasına gəlir. Düzdür, istisnalar da olur, lakin ümumi statistikaya baxdıqda yanaşmanın birmənalı olduğunu görmək mümkündür. Qadın psixoloji, bioloji və fizioloji olaraq hazır olduqda ana olmalıdır. Hazırkı dövrün şərtlərinə görə, ana olma yaşı ən azı 22-24 yaş sayılır. Avropada isə bu 30 yaşdır”.
Müsahibimiz qeyd edib ki, erkən nikaha məcbur edilən qızların valideynləri məsuliyyətə cəlb edilməlidir:
"Qızların erkən nikaha məcbur edilməsi və bunun fəsadları qanunla tam tənzimlənməyib. Məsələ ondadır ki, Azərbaycanda nikah yaşı 18-dir. Bununla belə regionlarda 15, hətta daha aşağı yaşda qızların evlənmə hallarına rast gəlinir. Bir çox hallarda belə qızlar uşaq dünyaya gətirərkən həyatını itirir. Hesab edirəm ki, həm erkən nikaha məcburedilmə halında, həm də bu tipli evliliklər zamanı uşaq dünyaya gətirərkən qızların həyatını itirmə hallarında ilk növbədə onların valideynləri məsuliyyətə cəlb edilməlidir. Bu mənfi tendensiyaya radikal bir dəyişim etmək lazımdır”.Turan Rzayev






