"İran nüvə silahı əldə etsə..." - Qorxunc ssenari
ABŞ və İran arasında 2015-ci il Hərətərəfli Fəaliyyət planı olan nüvə sazişinə qayıtmaq üçün Vyanada 8-ci raund danışıqları keçirilir. Məlumata görə, ABŞ İranın mülki nüvə sisteminə sanksiyaların bir hissəsini ləğv edib. İran isə bütün sanksiyaların ləğvini tələb edir.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İranın əsas planı bu danışıqlara baxmayaraq, nüvə silahı əldə etməkdir və ona görə də danışıqlar prosesini uzadaraq uranın zəngilləşdirilməsini başa çatdırmağı hədəfləyir:
"İran regionda İsrailin hədələrinə qarşı nüvə silahı əldə edəcək. Həmçinin Yaxın Şərqdə öz regional maraqlarını təmin etmək üçün əsas hədəf mütləq nüvə başlığı raketlərinə nail olmaqdır. Sözügedən ölkə böhranlı vəziyyətdə bu cür silahını Hizbullah və digər dəstəklədiyi silahlı dəstələrə verə bilər. Tehran rəsmilərinin açıqlamalarına rəğmən, İran nüvə silahını ölkəsi üçün əsas təhlükəsizlik çətiri kimi görür. İran ABŞ və altılıq ölkələri ilə 2015-ci ildəki müqaviləyə qayıdarsa, nüvə silahının əldə edilməsindən geri çəkilməyəcək. Bu işi gizli yolla reallaşdıracaq”.
Politoloq qeyd edib ki, zəngin neft və qaz yataqlarına malik olan İranın nüvə enerjisindən mülki məqsədlər üçün istifadə edəcəyini qeyd etməsi, sadəcə manipulyasiyadır:
"İran nüvə silahını əldə etdikdən sonra yüzlərlə nüvə başlığına malik olan ballistik raketlərə sahib olacaq. Bundan sonra, regionda ABŞ və İsrailin sıxışdırılması və onlarla prioksi müharibəni davam etdirə bilər. ABŞ-ın İranla nüvə danışıqlarında əsas məqsədi Çin və Rusiyadan uzaqlaşdırmaq və öz şərtlərini diktə etməkdir. ABŞ və altılıq ölkələri arasında keçirilən bu danışıqlarda müsbət irəliləyiş olmasına baxmayaraq, İran ABŞ-la regionda əməkdaşlıq etməyəcək.
Digər tərəfdən, həmin ölkənin nüvə silahını əldə etməsi Türkiyə və Azərbaycana qarşı da təzyiq siyasətindən istifadəyə yol açmasına gətirib çıxara bilər. İranın əsas hədəflərindən biri də budur. Amma, Türkiyənin də nüvə silahı əldə etmək planı var. İrandan fərqli olaraq, Türkiyə bunu rahat şəkilldə edəcək. Hətta bu silahı İsrail Türkiyəyə verə bilər. Artıq İsrail və Türkiyə əlaqələrinin normallaşması prosesi gedir. Bu əməkdaşlıq regionda yeni bir siyasi nizamın formalaşmasına gətirib çıxaracaq”.
Günay Rəsulqızı
Sfera.az






