Logo

Övladını küçəyə atan valideynləri hansı cəzalar gözləyir? – Vəkillərdən RƏY

Övladını küçəyə atan valideynləri hansı cəzalar gözləyir? – Vəkillərdən RƏY
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son vaxtlar ölkəmizdə yeni doğulmuş körpələrin atılması hallarına tez-tez rast gəlinir. Daha çox zibilxanalara, yarımtikili olan ərazilərə atılan körpələr təsadüfü şəxslər tərəfindən aşkarlanır. 

Dünyada hər il təxminən 2 min 500 ana yeni doğulmuş körpəsini atır. Azərbaycanda isə son 3 ilin statistikasına görə,hər il 50-60 uşaq valideynləri tərəfindən tərk edilir və ya küçəyə atılır.

Maraqlıdır, övladlarını bu cür atan valideynlərlə bağlı qanunvericilikdə hansı cəzalar nəzərdə tutulub?

Bununla bağlı Sfera.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Elmir Murquzovun sözlərinə görə, Konstitusiyamızda qeyd olunub ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur:

"Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər sözügedən hüquqlarından öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə məhkəmə qaydasında valideynlik hüququndan məhrum oluna bilərlər”.

Müsahibimiz qeyd edib ki, məhkəmədə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən və ya onları əvəz edən şəxslərdən birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxılır:

"Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.  Bundan əlavə qeyd olunmalıdır ki, valideynlik hüquqlarından məhrum edilən valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər”.

Digər müsahibimiz, Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 143-cü maddəsini xatırladıb. Onun sözlərinə görə, həmin maddəyə əsasən, həyat və sağlamlığı təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma ilə bağlı cəza tədbirləri müəyyən edilib:

"Sözügedən maddədə qeyd olunub ki, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Bundan başqa Cinayət Məcəlləsinin 121-ci maddəsin əsasən, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
 
Günay Rəsulqızı
Sfera.az

 

Mövzu: Gender, ailə və demoqrafiya məsələləri

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

Övladını küçəyə atan valideynləri hansı cəzalar gözləyir? – Vəkillərdən RƏY

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR