Prezident Gənclər Forumunda Sorosçuların planlarını ifşa etdi
Fevralın 2-də Bakıda Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Gülüstan sarayında təşkil olunan tədbirdə gənc sahibkarlar, dövlət proqramlarının iştirakçıları, keçmiş məcburi köçkün, şəhid ailələrinin gənc üzvləri, Vətən müharibəsi iştirakçıları, təhsildə və sosial inklüziv fəaliyyətdə fərqlənənlər iştirak edib. Forumda çıxış edən ölkə başçısı həm çıxışı əsnasında, həm də forum iştirakçılarının suallarını cavablandırarkən bir çox mühüm məqamlara toxunub.
Ölkə başçısının çıxışında ən diqqətçəkən məqamlardan biri onun məşhur amerikalı sahibkar Corc Soros haqda dedikləri idi. Belə ki, İlham Əliyev Sorosçuların əsas hədəfinin gənclik olduğunu vurğulayıb:
"Bu qlobalistlərin - mən onları şərti olaraq belə adlandırıram - sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”.
Prezidentin məhz Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda bu məqamı qeyd etməsi və Sorosu açıq hədəf seçməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, qlobalistlər və onların üzdə görünən siması, dünyada "inqilabların atası” olaraq tanınan amerikalı milyarder Corc Sorosun "açıq cəmiyyət” ideyasının əsas hədəf auditoriyası məhz gənclərdir.
Təsadüfi deyil ki, hazırda dünyanın əksər ölkələrində gənclər sürətlə həmin hərəkata cəlb olunur. Proses məhz Soros Fondunun maliyyələsi ilə həyata keçirilir. Əslində isə Soros bu kimi ittihamları inkar etmir. Soros Davos İqtisadi Forumunundakı çıxışında məhz belə bir etirafda bulunub:
"Açıq Cəmiyyət İnstitutu” layihəsi həyatımın ən önəmli işidir. Bunun bütün dünyadakı universitetlərin qatılacağı və araşdırma aparmaq üçün beynəlxalq platforma olacağını planlaşdırırıq. Bu layihəyə 1 milyard dollar əlavə pul ayırırıq. Lakin təkbaşına qlobal bir şəbəkə qura bilmərik. Dünyanın hər yerində ortaqlara və dəstəkçilərə ehtiyacımız var”.
Göründüyü kimi, Soros ideologiyasını gənclər təşkilatları üzərindən gənclərin beyninə yeritmək, beləcə onları dövlətlərin siyasi elit zümrələrinə təzyiq aləti kimi istifadə etmək istəyir.
Soros özü də yaxşı bilir ki, hər şeyi sorğulayan, mənasını, mahiyyətini dərk etməyə can atan gənclər cəmiyyətin, toplumun ən aktiv təbəqəsi olduğu üçün yeni gördükləri bu fikirləri həyata keçirməyə çalışacaq. Təcrübəsiz gənclər də bu kimi şüarlara tez aldanaraq onlara uyur, əslində isə Sorosun və qlobalistlərin alətinə çevrilirlər.
Hesab edirəm ki, Prezidentin məhz fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində Sorosun gənclər üzərindənbu planını ifşa edərək yenə gənclərə təqdim etməsi həm cəsarətli, həm də yerində addım idi. Faktiki olaraq ölkə başçısı Azərbaycan gəncliyinə üzünü tutaraq göz görə-görə bu qüvvələrin əlində oyucaq olmamağı məsləhət gördü.
Turan Rzayev





