"Ukrayna yaz aylarında Donbasa hücum edəcək" - Politoloq
"Ukrayna ətrafında davam edən Qərblə Rusiya arasında siyasi-hərbi böhran Donbasda lokal döyüşlərlə nəticələnəcək”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ukraynanın Donbasa hücumu yaz aylarında mümkündür:
"Məhz ABŞ başda olmaqla, NATO Ukraynanı bu müharibəyə hazırlayır. Qərblə aparılan danışıqlar onda nəticə verə bilər ki, ABŞ yaxud Rusiya geri addım atsın. Rusiyanın tezliklə geri addım atması gözlənilmir. Ötən gün Vladimir Putinin çıxış da göstərdi ki, Moskva Ukrayna məsələsində "prinsiplərini" qoruyur və Şərqi Avropanı öz nüfuz dairəsinə daxil etmək istəyir”.
Müsahibimiz bildirib ki, Böyük Britaniya Baş nazirinin Ukraynaya səfəri Rusiya aqressiyasının müəyyən dərəcədə qarşısını alır:
"Bu, həm də rəsmi Londonun artıq yeni dünya nizamında Rusiyanın qarşısına çıxmasıdır və Moskva üçün arzuolunmaz bir prosesdir. Türkiyə prezidentinin Ukrayna və Rusiya arasında müəyyən qədər təmaslar yaratması isə iki ölkə arasında münasibətlərin normallaşmasına gətirməyəcək”.
Günay Rəsulqızı
Sfera.az






