"Yaxın gələcəkdə Ermənistanla sülh müqaviləsi görünmür" - Politoloq
"10 noyabr bəyanatından sonra, 11 yanvar 2021-ci ildə də Ermənistanla danışıqlar aparıldı, son zamanlarda da Soçidə, Brüsseldə görüşlər baş tutdu, bəzi məsələlərdə uğur əldə edildi, amma konkret nəticə yoxdur”.
Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzinin sədr müavini, politoloq Teymur Qasımlı "Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanma prosesi niyə ləngiyir?” sualını cavablandırarkən deyib. O xatırladıb ki, burada üçtərəfli komissiyanın yaradılması məsələsi olsa da, demək olar, gündəmdə yoxdur:
"Sonuncu dəfə prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində danışıqların aparıldığını qeyd etmişdi. Bilirsiniz, ölkə başçısı orada nəqliyyat kommunikasiya məsələləri üzrə də razılaşma olduğunu dedi. Belə görürəm ki, səssiz diplomatiya gedir. Azərbaycanla Ermənistan arasında danışıqlar davam etdirilir, hansısa məsələlər müzakirə olunur, həll edilir. Üstəgəl son zamanlar Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı təkliflər paketindən söz açmışdı. Detallar tam açıqlanmasa da, belə məsələlər var idi. Lakin Azərbaycan-Ermənistan arasında yaxın gələcəkdə hər hansısa sülh müqaviləsinin imzalanmasını gözləmirəm”.
Müsahibimiz buna Rusiyanın mane olduğunu vurğulayıb:
"Ermənistanda sabitlik olsa da, olmasa da sülh müqaviləsi Rusiyanın maraqlarına toxunduğu üçün hələlik ehtimallar zəifdir. Digər tərəfdən, Azərnbaycanla Ermənistan arasında həll olunmamış məsələlər də var. Burada Xankəndi və digər problemlər qalıb. Həm də Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün tanınmasından imtina etdiyinə görə, yaxın gələcəkdə sülhdən danışmaq mümkün deyil”.
Günay Rəsulqızı
Sfera.az






