Lavrovla Blinken arasındakı telefon danışığı nə ilə nəticələnəcək? - İki ehtimal
"Lavrovla Blinken arasındakı telefon danışığının nəticəsi ilə bağlı iki ehtimal var”.
Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. O, gözlənilən danışıqla bağlı danışarkən qeyd edib ki, belə bir təmas artıq zərurətə çevrilmişdi:
"Çünki Moskva və Vaşinqton arasında münasibətlər tədricən daha da ziddiyyətləşməkdədir. Bunu tərəflərin bir- birinə qarşı xəbərdarlıqları da təsdiqləyir.
Maraqlıdır ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zaxarovanın sözügedən açıqlamanı verdiyi gün növbəti bəyanatla çıxış edib. O, söyləyib ki, Vaşinqton və onun Avropadakı müttəfiqləri Ukrayna ətrafında gərginliyi artırmaqdan əl çəkməlidir. Şübhəsiz, telefon danışığında Ukrayna ətrafındakı vəziyyət müzakirə olunacaq. Rusiya bunu nə qədər biruzə verməməyə çalışsa da, ABŞ- ın fəallığından, o cümlədən Şərqi Avropaya qoşun yığmasından narahatdır”.
Ekspert Kremlin vəziyyətinin getdikcə ağırlaşdığını əlavə edib:
"Əgər Lavrovla Blinken arasında razılıq əldə olunsa, Ukrayna ətrafındakı gərginlik azala bilər. Bunun əvəzində isə ABŞ Rusiyadan Çinə qarşı istifadə etməyə çalışacaq. Yox, razılıq əldə olunmasa, böhranlı vəziyyət davam edəcək. Hətta gələcəkdə ABŞ-ın Rusiyaya qarşı təzyiq alətlərinin artması üçün "Taliban"dan istifadə etməsi də istisna deyil. Fikrimcə, birinci ssenari ilə bağlı ehtimal daha çoxdur. Onu da qeyd edim ki, telefon danışığının nəticəsi Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyaya səfər edib-etməyəcəyini və səfər edəcəyi təqdirdə, nələrin müzakirə olunacağını müəyyənləşdirəcək”.
Günay Rəsulqızı
Sfera.az






