“Bu il mənzil bazarında bahalaşma olacaq” – Ekspert səbəbi açıqladı
"20 il əvvələ baxdıqda Abşeron ərazisində 1 sotu 200 AZN olan torpaq, hazırda 4-5 min manatdır”.
Bunu Sfera.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert torpaq sahələrinin ucuzlaşması ilə bağlı yayılmış xəbərlərə də münasibət bildirib:
"Torpaq satışındakı qiymət dəyişiklikləri mövsümlə əlaqədardır. Torpaqların satışı may ayında başlayır və avqustun sonunadək satış sürətlənir, qiymətlərdə süni artım müşahidə olunur. Sadəcə, boş torpaq sahəsi alanlar alıb tikinti işləri görürlər. Tikinti işləri normalda yay aylarında aparıldığı üçün qışda hava ilə əlaqədar bu proses davam etmir. Soyuq aylarda torpaqların satışı səngiyir. Qiymətlərdəki proses ucuzlaşma ilə bağlı deyil. Onsuz da Bakı, Abşeron ərazilərində torpaq sahəsi artıq məhdud sayda, bəlkə də yox dərəcəsindədir”.
Ekspert hesab edir ki, əmlak bazarındakı satış dinamikası əvvəlki illərdəki kimi deyil: "Pandemiya digər sahələrə təsir etdiyi kimi, bu sahəni çökdürüb. Hazırda Azərbaycan əmlak bazarındakı alıcıların 80%-i təkrar alıcılardır. Onların pulları var və bunu daşınmaz əmlaka yatırır. Onlar ev alaraq bunu kirayəyə verirlər və gəlir götürürlər. Əmlak bazarında nağd satışların sayı azalıb və daha çox kreditli satışlar başlayıb. Bunlar ipoteka kreditləri, şirkətdaxili kreditlər və s.dir. MİDA-nın satışlarına baxsaq, hər satış zamanı minlərlə adam ev almaq üçün növbədə olur. Bir qismi alır, geri qalanlar gözləyir”.
"Bu il yeni tikilmiş binalarda qiymətlər 20-25 faizədək artacaq”
Ekspert kreditli bina mənzillərinin satışlarının çoxaldığını bildirərək, tikinti materiallarının qiymətinin artdığını deyib:
"Artıq İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillər layihəsinə start verilib. Qısa vaxt ərzindən mindən çox vətəndaş oradan ev alıb. Bu da o deməkdir ki, bu sahəyə maraq var və vətəndaşlar daha çox kreditlə alışa üstünlük verirlər. Daşınmaz əmlak qiymətlərinə və vətəndaşların aldıqları məvacibə baxsaq, bunların heç cür üst-üstə gəlmədiyinin şahidi olarıq. Nəticə etibarilə insan bir ömür işləyib pul yığmalıdır ki, xırda bir evə sahib olsun. Bu baxımdam kreditli satışlar sürətlənib. Yeni tikili binalarda qiymət artımları qaçılmaz olacaq. Düşünürəm ki, bu il yeni tikilmiş binalarda qiymətlər 20-25 faizədək artacaq.
Bu, son bir il ərzində tikinti materialların qiymətlərinin kəskin formada artması ilə əlaqədardır. Elə tikinti materialları mövcuddur ki, qiymətləri 2 dəfəyə yaxın artıb. Misal üçün əvvəl taxtanın 1 kubu 230 manat idisə, indi 500 AZN və ondan yuxarı qiymətə alıcılara təqdim edilir”.Əzizə Zeynal






