Ermənilər Qarabağla bağlı iddialarından əl çəkirlər? - 5 il ərzində...
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Qarabağdakı etnik ermənilər artıq məskunlaşmanın olacağını, aeroportların hərbi məqsədlərə xidmət edəcəyini əsas gətirib orada yaşamağın məqbul olmadığının fərqindədirlər:
"Separatçıların başçısı Arayik Arutunyan Rusiyanın himayəsi ilə Xankəndində oturub. Demək olar ki, Qarabağda Rusiya hərbçilərinin məsuliyyət zonasında yaşayan ermənilər beş ilə bu ərazilərdən köçməli olacaq. Arayik Arutunyan da bunun fərqindədir. Digər tərəfdən, Xankəndində Rusiyaya məxsus marketlər açılıb, burada ucuz qiymətə ermənilərə ərzaq məhsulları satılır - məqsəd ərzaq problemini həll etməkdir. Həmçinin etnik ermənilərin yaşadığı ərazidə infrasturuktur yoxdur, yaşayış üçün münbit ərazilər Azərbaycanın nəzarətindədir. Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya-demarkasiyası və Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması rəsmi İrəvanın Qarabağ iddialarından əl çəkməsinə gətirəcək”.
Politoloq vurğulayıb ki, artıq Paşinyan Qarabağın adını çəkməsə də, buradakı ermənilərə vəsait ayırıb:
"Ümumi proseslər Azərbaycanın lehinədir. Amma, Rusiya tərəfi hələ də qanunsuz silahlı erməni birləşmələrini Qarabağda qoruyur. Onların silah-sursatı Rusiya tərəfindən təchiz edilir. Bu da Azərbaycana əsas verir ki, İrəvan və Moskva qarşısında bu istiqamətdə tələblər qoysun. Laçın dəhlizinə Azərbaycanın təhlükəsizlik orqanlarının nəzarət postunun yaradılması və Rusiya ilə konkret bu məsələ ətrafında danışıqlar aparılması labüddür. Çünki silahlı erməni birləşmələri Azərbaycanın suverenliyinə təhdiddir”.
Günay Rəsulqızı
Sfera.az






