Maya Sandu Moldovanın Rumıniya ilə birləşəcəyindən DANIŞDI
Moldova Prezidenti Maya Sandu ProTV-yə müsahibəsində Buxarest və Kişinyovdakı bir sıra siyasi partiyaların Moldova və Rumıniyanın birləşməsini mümkün hesab etdiklərini deyib. O, bunun hər iki cəmiyyətin qarşlıqlı razılığı ilə baş tutacağını söyləyib.
Xanım president bildirib ki, bu ideyanı dəstəkləyənlər çoxdur, lakin cəmiyyətin birləşmə ideyasından qorxan başqa bir hissəsi də var. Belə böyük layihəni ancaq cəmiyyətin böyük əksəriyyətinin dəstəyi ilə həyata keçirmək olar. Görək hadisələr necə inkişaf edəcək.
Maraqlıdır, indiki halda Moldovanın Rumıniyaya birləşməsi mümkün görünürmü?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, yaxın keçmişdə Moldova deyə bir dövlət olmayıb.
"Məsələ ondadır ki, Moldova uzun müddət Osmanlı torpağı olub. 1812-ci ildə Çar Rusiyası Moldovanı işğal etdi. 1917-ci ildə Rusiyada bolşevik inqilabı baş verdikdən sonra Moldova 1918-ci ildən 1940-cı ilə qədər Rumıniyaya bağlı olub. 1940-cı ildə SSRİ Rumıniyaya nota verdikdən sonra Moldova SSRİ-yə birləşib. 1991-ci ildən bü günə qədər isə Rumıniya Moldovanın birləşməsi gündəmdə olub. Moldovanın ilk prezdenti də Rumıniya ilə birləşmənin tərəfdarı olub. 2003-cü ildə Moldova Prezidenti Varonin rəhbərliyi ilə parlamentdə milli kimlik qanunu qəbul olundu. Rumıniya dövləti bu birləşmə üçün həm siyasi, həm də iqtisadi işlər görüb”.
T. Qasımlının sözlərinə görə, Moldova hazırda sosial rifah və iqtisadi baxımdan vəziyyətin pis olmasına görə Rumıniyaya birləşmək istəyir:
"Ancaq bu birləşməyə qarşı olan siyasi qüvvələr də var. Hazırda Moldovada qərbpərst iqtidar var. Sanduya ABŞ və Bükreş dəstək verir. Sandu isə öz növbəsində ruspərəst qüvvələrə qarşı mübarizə aparır. Xanım prezident keçmiş prezident Dodonu parlament seçkilərində məğlub etdikdən sonra nisbətən buna nail oldu. O ki qaldı, Rumıniya-Moldova birləşməsinə deyə bilərəm ki, bu məsələ hər zaman gündəmdə olub, ancaq baş verməyib. Bunun səbəblərindən biri Moldova siyasi elitasında buna qarşı qüvvələrin olmasıdır. Həm də buna Rusiya heç vaxt icazə verməz. Moldova vətəndaşlarının bu birləşmə ilə bağlı qəti qərarları yoxdur. Ancaq bu birləşməni istəyən qüvvələrə dəstək verən London, Vaşinqton var. Rəy sorğularına görə, Moldovanın Rumıniyanın tərkibinə daxil olmasını moldovalıların 20-40 faizi dəstəkləyir. Müşahidəçilər qeyd edirlər ki, hazırda bu ideyanın tərəfdarlarının sıralarını Moldova siyasi elitasından məyus olmuş vətəndaşlar artırır. 2007-ci ildə aparılan sorğulara görə, Moldova vətəndaşlarının 53 faizi Rumıniyaya iş üçün getməyi vacib görür və birləşməyə isti baxmır. 1991-2009-cü ilə qədər 140 min Moldova vətəndaşı Rumıniya dövlətinin pasportunu alıb. Bununla belə deyərəm ki, Rumıniya-Moldova birləşməsi yaxın gələcəkdə baş verməyəcək”.Turan Rzayev






