"Kreml İrəvan-Ankara münasibətlərinin normallaşmasında moderatordur" – Şərh
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçirilə biləcəyini qeyd edib. Çavuşoğlunun sözlərinə görə, Ermənistanın da belə bir istəyi var.
Maraqlıdır, indiki halda tərəflərin ilk görüş yeri kimi Moskvanı seçməsinin səbəbi nədir?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, görüşün Moskvada keçirilməsi Ankaradan çox İrəvanın istəyidir.
"Hesab edirəm ki, bunda qeyri-adi nəsə yoxdur. Rəsmi İrəvan Ankara ilə münasibətləri bərpa etmək istəsə də çəkindiyi məqamlar var. Bu mənada deyə bilərik ki, Ermənistan özünü ən təhlükəsiz hiss etdiyi yerdə, yəni görüşün Rusiyada keçirilməsini istəyib. Prinsip etibarilə məkanın Türkiyə üçün elə də bir fərqi yoxdur. Çünki sərhədlərin açılması, münasibətin normallaşması Türkiyədən çox Ermənistanın istəyidir. Yəni Türkiyənin nə çəkindiyi, nə də itirə biləcəyi heç nə yoxur”.
Politoloq hesab edir ki, Azərbaycan-Ermənistan münsabitələrinin normlaşmasında olduğu kimi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında da Kreml moderatorluq edə bilər:
"Görüşün Moskvada keçirilməsi Rusiyanın prosesdə yaxından iştirak etdiyinə dəlalət edir. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Rusiya üçün də məqbuldur. Bu mənada Kremlin moderatorluğu prosesin sürətlənməsinə töhfə verə bilər. Rusiya özü də 3+3 formatında iştirak edir. Bu mənada formatın digər iki üzvünün münasibətlərini normallaşdırması Kreml üçün də vacib məsələdir".
Turan Rzayev





