Yol qırağındakı dilənçilər, gülsatanlar, şüşəsilənlər - “Belə faktlar aşkar edildiyi halda...”
"Bəzən dilənçilik edənlər işıqforların təsir zonasında durur, sürücülərin diqqətini yayındırırlar”.
Bunu Sfera.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Müsahibimiz bildirib ki, polislər tərəfindən bu cür faktların qarşısı alınsa da, insanların da diqqəti önəmlidir:
"İctimai qınaq metodlarından istifadə edilməli, belə hallara yol verən vətəndaşların arasında təbliğat aparılmalıdır. O ki qaldı, piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə tikinti materialları və ya digər alış-veriş məqsədilə düzülən əşyaların qoyulmasına, sözsüz ki, bu, həmin ərazidə piyadaların gediş-gəlişinə mane olur. Yol hərəkəti haqqındakı qanunun tələbinə əsasən piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə qeyd etdiyim əşyaların satılması və beləliklə piyadaların gedişinə mane olması inzibati məsuliyyət yaradır. Belə faktlar aşkar edildiyi halda, dərhal məlumat verilir, profilaktik tədbirlər həyata keçirilir və nəhayət inzibati tənbeh tədbirləri tətbiq edilir”.
V.Əsədov belə xətalara yol verən vətəndaşlara da müraciət edib:"Həmin şəxslərin yolların hərəkət hissəsinə çıxması yol qəza hadisəsinin və ya piyadanın vurulma hallarına səbəb olur. Ona görə də xahiş edirik ki, Yol Hərəkəti haqqında qanunun tələbinə əməl edilsin, ən azından təhlükəsizliyin təmin edilməsi baxımından yol polisi-vətəndaş münasibətlərinin həmrəyliyini nümayiş etdirilsin. Hər kəs funksional vəzifələrini yerinə yetirməyə borcludur”.
Günay Rəsulqızı






