Lirənin ucuzlaşması Türkiyəli məşhurları da ayağa qaldırdı – Etiraz dolu açıqlamalar
Türkiyə lirəsi bir müddətdir, dollar qarşısında dəyər itirir. Lirənin ucuzlaşması manatın da Türkiyə milli valyutası qarşısında güclənməsinə səbəb olub.
Sfera.az bildirir ki, lirənin dəyər itirməsi Türkiyəli məşhurların da etirazına səbəb olub.
Ötən gün məşhur türkiyəli müğənni, "Athena” qrupunun solisti Gökhan Özoğuzun lirənin ucuzlaşması ilə bağlı Tvitter hesabında "1 Azərbaycan manatı = 10 Türk lirəsi. Hər şey üçün təşəkkürlər”, ironik paylaşımından sonra bu dəfə ifaçı Hülya Avşar səs-küyə səbəb olan açıqlamalar verib.
Jurnalistlərin sualını cavablandıran Avşar "Bildiyim tək bir şey var. Ayağımızı yorğanımıza uyğun uzatmalıyıq. ”Bu saatdan sonra simitmi yeyəcəyik” kimi cümlələr qururlar. Lazım olarsa, yeyəcəyik, amma bu günlərin öhdəsindən də gələcəyik. Fikrimcə, problemləri fərd olaraq həll etməliyik”, - deyə söyləyib.
Məşhur aparıcı Ece Erken isə sosial media hesabında lirənin dollar qarşısında ucuzlaşmasına sərt reaksiya verib. Türkiyə prezidentinə səslənən aparıcı "”Dollarla nə işiniz var?” deyirsiniz, bəs niyə hər şey bahalaşır? Kirayələr, evlər, telefonlar belə bundan təsirlənir. Biz dollar qazanmırıq, amma bir telefonun qiyməti 42 min lirədir. Onsuz da ölkə olaraq "outlet” olduq”, deyə qeyd edib.
O həmçinin, insanların susmasını da tənqid edib: "Hər gün bir şeyə tonlarla artım gəlir. Əsil fəlakətlər hələ başlamayıb. Ticarət mərkəzləri ağzına kimi doludur, ev qiymətləri uçur. Amma hər kəs susur. Çox qəribəyik”.
Xatırladaq ki, yeni həftənin ilk günü Dollar/TL məzənnəsi 6% artaraq 17,6247 səviyyəsini görüb.Türkan






