Bakı Belarusun əleyhinə olan bəndə niyə qoşulmadı? – “Biz tərəfdaşlarımıza xəyanət etmirik”
"Azərbaycan heç vaxt tərəfdaşlıq etdiyi ölkələrə xəyanət etməyib. Belarus bizim tərəfdaş ölkədir. Bu mənada rəsmi Bakının Minsk əleyhinə bəyannaməyə qoşulmaması anlaşılandır”.
Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində qəbul olunan bəyannamənin Belarusla bağlı bəndinə qoşulmamasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan sadəcə bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb:
"Belarusun daxili işlərinə müdaxilə etmək, onun siyasətinə təsir göstərmək, ölkə rəhbərliyini tənqid etmək Azərbaycanın məsələsi deyil. Bu, Belarusun daxili işidir. Azərbaycan üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir. Azərbaycan öz dostlarını heç vaxt darda qoymur. Mövcud Azərbaycan-Belarus münasibətlərini nəzərə alaraq biz belə qərarlara qoşulmuruq”.
Qeyd edək ki, 2009-cu ildə təsis edilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb.Turan Rzayev






