"Brüssel görüşü bu məsələlərin həllinə təkan verəcək" - Deputat
Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları arasında Soçidə keçirilən görüşdən sonra sərhədlərin delimitasiya və demarkasiyası aktuallaşıb. Ehtimal var ki, dekabrın 15-də Azərbaycan və Ermənistan liderlərinin görüşü bu istiqamətdə müəyyən işlərin reallaşmasının əsasını qoyacaq.
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Ramin Məmmədov Ermənistanın delimitasiya və demarkasiya məsələlərinin həlli üçün konkret addımlar atmamasının ən çox özlərinə ziyan verdiyini bildirib. Millət vəkili Ermənistanın üzərinə bəzi öhdəliklərin düşdüyünü diqqətə çatdırıb:
"Azərbaycan və Ermənistan arasında olan münaqişənin həllindən sonra iki ölkə arasında bundan sonrakı reallıqlardan irəli gələn layihələrin icrası, qarşılıqlı inamın və əməkdaşlıq üçün imkanların yaradılması istiqamətində addımların atılacağı məlumdur. Azərbaycan ötən ilin noyabr ayında və bu ilin yanvarında imzalanan bəyannamələrdən irəli gələn öhdəliklərə məsuliyyətlə yanaşaraq bu istiqamətdə prakitiki addımlar atmaqdadır. Eyni öhdəliklər Ermənistanın da üzərinə düşür. Uzun müddətdir ki, Ermənistan regionun inkişafı üçün töhfə verəcək kommunikasiya xətlərinin bağlı vəziyyətdə qalmasına səbəb olması nəticəsində tək bölgəyə yox, elə öz iqtisadiyyatının inkişafına da mənfi təsir edir".
Deputat Brüssel görüşünün bir sıra münaqişəli məsələlərin həllinə rəvac verəcəyini deyib:
"Qarabağ müharibəsinin nəticələrinə uyğun olaraq bu istiqamətdə Ermənistanın konkret addımlar atacağını hər bir bölgə ölkəsi, o cümlədən qlobal güclər də gözləməkdədir. Təbii ki, bu istiqamətdə bir çox səpkidə görüşlərin keçirilməsi, müzakirələrin aparılması məsələnin həllinə müsbət təsir edən amillər arasındadır. Lakin ilk növbədə Ermənistan üzərinə düşən öhdəliklərə ciddi yanaşaraq praktiki işlərin görülməsinə nail olmalıdır. Brüssel görüşü nəinki sərhədlərin delimitasiya və demarkasiya məsələsi, o cümlədən regionda kommunikasiya xətlərinin açılması işləri üçün ciddi təkan olacaq və yaxın gələcəkdə bu istiqamətlərdə addımlar atılacaq".Əzizə Zeynal






