“Paşinyan ordunun başına Rusiya ilə əlaqəsi olmayan şəxsi gətirdi” - Açıqlama
Xəbər verdiyimiz kimi, Ermənistanda Baş nazirin müavini Suren Papikyan müdafiə naziri təyin olunub. İkinci Qarabağ müharibəsindən sonra IV dəfə müdafiə nazirini dəyişən Ermənistanın bu addımı müxtəlif suallar yaradır.
Maraqlıdır, Ermənistanda müdafiə nazirlərinin belə tez-tez dəyişməsi nəyə istiqamətlənib? Suren Papikyanın təyinatı Azərbaycan üçün nə vəd edir?Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Natiq Miri son təyin olunan müdafiə nazirlərinin heç birinin Nikol Paşinyanla eyni siyasi düşüncəyə malik olmadığını bildirib:
"Ermənistanda müdafiə nazirlərinin belə tez-tez dəyişməsi erməni ordusundakı başıpozuqluqla əlaqədardır. Çünki bütün müdafiə nazirləri təyinatdan sonra heç bir hərbi uğur əldə edə bilmədilər. Orduda islahatlarla bağlı da heç bir ciddi irəliləyiş görünmür. Bir məsələyə də diqqət yetirmək lazımdır ki, Ermənistanda hərbi sahədə fəaliyyət göstərən bütün zabitlər demək olar ki, Rusiya xüsusi xidmət orqanlarının nəzarətindədir. Bu insanların içərisində keçmiş prezidentlər, yəni Qarabağ klanın üzvləri Koçaryan və Sarkisyanla əlaqəsi olan adamlar da var ki, zaman-zaman bu mövcud siyasi hakimiyyətin əleyhinə təxribatlar törədə biliblər. Bu da o anlama gəlir ki, Nikol Paşinyan baş nazir olaraq hərbi sahəyə tam nəzarət edə bilmir. Baş verən hadisələr Nikol Paşinyan hökumətinin xeyrinə deyildi”.
Politoloq yeni müdafiə naziri təyinatının Rusiya ilə bağlılığı məsələsinə də diqqət çəkib:
"Karapetyanın vəzifədən uzaqlaşdırılmasının əsas səbəbləri son hərbi uğursuzluğu ilə bağlı idi ki, bu da ictimai rəydə Paşinyanın əleyhinə işlədi. Suren Papikyan Nikol Paşinyanla eyni ideoloji xətti daşıyan insandır. Paşinyan həm milli təhlükəsizlik sistemi, həm də ordunun başına özünün inandığı, Rusiya ilə bilavasitə əlaqəsi olmayan şəxsi gətirdi. Papikyanın təyinatı ilə Paşinyan ordu ilə bağlı sərhəddə gedən proseslərə nəzarət edə biləcəyini düşünür. Lakin ortada olan reallıq budur ki, Azərbaycana qarşı aqressiv siyasət yürüdən istənilən nazir vəzifədə çox qala bilməyəcək”.Əzizə Zeynal






